Enerji sahəsində etibarlı tərəfdaş kimi Azərbaycan bütün hədəflərə nail olmaq üçün addımları davam etdirməyə birmənalı olaraq hazırdır. Biz fəal enerji diplomatiyamızı davam etdiririk. Avrasiyanın enerji xəritəsini yenidən cızırıq.

Azərbaycan Prezidenti İlham Əliyev bu sözləri aprelin 25-də Bolqarıstanın paytaxtı Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində bildirib.

Anlaşma memorandumu Azərbaycandan Avropaya əlavə qazın tədarükü üçün 4 ötürücü sistem operatoru ilə SOCAR arasında əməkdaşlığın istiqamətlərini müəyyən edir. Əlavə qaz tədarükü “Həmrəylik halqası” adlandırılan Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək.

Prezident İlham Əliyev qeyd edib ki, üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra biz hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışırıq. Azərbaycanda ilk külək və günəş enerjisi stansiyalarının tikintisi artıq başlayıb.

“Həmrəylik halqası” şəbəkəsi ilə bağlı imzalanma mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev iştirak ediblər.

Memorandumu Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku və Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman imzalayıblar.

Mərasimdə Avropa İttifaqının energetika məsələləri üzrə komissarı xanım Kadri Simsonun videomüraciəti dinlənilib.

Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Bolqarıstanın energetika naziri Rosen Hristov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto, Rumıniyanın energetika naziri Virgil-Daniel Popesku, Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman çıxış ediblər.

Mərasimdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan tərəfdaş ölkələrlə əməkdaşlığı davam etdirməyə və birlikdə bütün hədəflərə nail olmağa hazırdır. Dövlət başçısı bildirib ki, Azərbaycan müstəqilliyinin bərpasından üç ildən az bir müddət içində sonralar “Əsrin müqaviləsi” adlandırılacaq müqaviləni imzaladı və ilk dəfə xarici neft şirkətlərini Xəzər dənizində işləməyə, neft istehsal etməyə və kəşflərə dəvət etdi. Biz bu gün XXI əsrin layihəsini həyata keçiririk və bu layihə böyüyür. Ona görə də enerji sahəsində etibarlı tərəfdaş olan Azərbaycan əminliklə bizim bu yolumuzu davam etdirməyə və bütün hədəflərə nail olmağa hazırdır.

Prezident qeyd edib ki, Azərbaycan hazırda yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar aparır. Əminik ki, Slovakiya “Həmrəylik halqası”nın üzvü kimi yaxın vaxtlarda enerji sahəsində tərəfdaşımıza çevriləcək.

Dövlət başçısı Azərbaycanın qaz təchizatının coğrafiyasını ən azı 10 ölkəyə qədər genişləndirəcəyini bildirib: “Mən “ən azı” ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq”.

Bu uğur – Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında anlaşma memorandumunun imzalanması əhəmiyyətli dərəcədə Bolqarıstanla Azərbaycan arasında etibarlı, uzunmüddətli strateji əməkdaşlıqla əlaqədardır.

Bunu isə Bolqarıstan Prezidenti Rumen Radev deyib. Tədbirdə xüsusi qonaq qismində iştirak etməklə bağlı təklifini qəbul etdiyinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən Rumen Radev ölkələrimiz arasında əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib. Bildirib ki, son bir ildə bu əməkdaşlıq çox uğurla inkişaf edib və hazırda artıq yeni müstəvidədir.

“Daha bir mühüm məqam ondan ibarətdir ki, bu təşəbbüs bizim ambisiyalarımızın səviyyəsini artırır. İndi biz artıq digər daha mühüm layihələr barədə danışmağa başlamışıq. Biz gələcəyin enerjisi – yaşıl hidrogenin nəqli barədə danışmağa başlamalıyıq”, – deyə Bolqarıstan Prezidenti əlavə edib.

Rumen Radev SOCAR-ın Sofiyada yeni ofisinin fəaliyyətə başlamasının əhəmiyyətini də qeyd edib: “Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə Avropa ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyasını təsdiqləyib. İnanıram ki, biz gələcəkdə uğur qazanacağıq. Çünki geosiyasi vəziyyət, ilk növbədə, birlikdə olmağı və ən yaxşı həllər axtarmağı tələb edir”.

Qeyd edək ki, aprelin 25-də Azərbaycan və Bolqarıstan prezidentləri Sofiyada SOCAR-ın ofisinin açılışını ediblər.