Xəbər verildiyi kimi, aprelin 23-də Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.

DSX-nin yaydığı məlumatda bildirilir ki, bu addım 2020-ci il 10 noyabr tarixli Üçtərəfli bəyanata (44 günlük müharibənin başa çatması ilə bağlı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı – red.) zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat daşınmasının qarşısının alınması məqsədilə, həmçinin Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə, Laçın-Xankəndi yolunun girişində nəzarət-buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq atılıb. Bu barədə Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) də məsələ ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, Azərbaycan Hökuməti, Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və bundan qaynaqlanan təhlükəsizlik hədələrini nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında sərhəddə yolun başlanğıcında nəzarətin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirib.

Üçtərəfli bəyanatın imzalanmasından keçən iki il yarım müddət ərzində Azərbaycan tərəfi davamlı şəkildə Laçın yolunun Ermənistan tərəfindən genişmiqyaslı sui-istifadə hallarına diqqəti cəlb edib. Bu cür sui-istifadə hallarına Azərbaycan ərazisində qalmaqda davam edən erməni silahlı qüvvələrinin şəxsi heyətinin rotasiyası, silah və sursatın daşınması, terrorçuların keçidi, habelə təbii sərvətlərin və mədəni mülkiyyətin qanunsuz daşınmasını misal göstərmək olar.

Yoldan minaların daşınaraq sonradan Azərbaycan Respublikasının suveren ərazilərində basdırılması xüsusilə ağır fəsadlar doğurur. Müharibənin sonundan etibarən 294 nəfər azərbaycanlı mina qurbanı olub.

“Üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq. Azərbaycan tərəfi, Ermənistanla birgə sərhəddə nəzarət-sərhəd rejiminin şəffaf və təhlükəsiz fəaliyyəti naminə əməkdaşlığa hazır olduğunu bildirir”, – deyə XİN-in məlumatında vurğulanır.

Qeyd edək ki, DSX bölmələri tərəfindən Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi elektrik enerjisi ilə təmin olunub. Yolun girişində “Diqqət! Azərbaycan ərazisinə daxil olursunuz!” sözləri yazılmış lövhə də qurulub.