Aprelin 25-də Ankaradakı Bilkent Universitetində Türkiyə Cümhuriyyətinin qurulmasının və Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı konfrans keçirilib.

Tədbir Azərbaycanın Türkiyədəki Səfirliyi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Konfransda səfirliyimizin müşaviri Eldar Əliyev, Bilkent Universitetinin rektoru professor Abdurrahman Kürşat Aydoğan, Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru Akif Qasımov, millət vəkili Vüqar İsgəndərov, Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç, Bilkent Universitetinin müəllim-tələbə heyəti və başqa qonaqlar iştirak ediblər.

Qeyd olunub ki, Türkiyə Cümhuriyyətinin qurulduğu 1923-cü ildə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev dünyaya göz açıb. Bildirilib ki, Türkiyəni möhkəm təməllər üzərində quran Mustafa Kamal Atatürk türk dövlətlərinə və xüsusən Azərbaycana diqqətlə yanaşıb. Çıxışlarda həmçinin Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri və Türk dünyasının birliyinə verdiyi töhfələrdən danışılıb.

Bilkent Universitetinin müəllimi Seçkin Köstem "Cümhuriyyətin 100-cü ilində Türkiyənin xarici siyasəti və Azərbaycan" mövzusunda məruzə ilə çıxış edib.

Tədbir Azərbaycan və Türkiyə nümayəndələrinin qarşılıqlı mükafatlandırılması və konsert proqramı ilə başa çatıb.

Mehparə Sultanova
Ankara