Özbəkistandakı səfirliyimizin təşəbbüsü ilə tanınmış özbək yazıçı və publisisti İsmat Kuçiyevin rus dilində çap olunan “Heydər Əliyevin qələbəsi” adlı kitabının Özbəkistan Yazıçılar İttifaqında (ÖYİ) təqdimat mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli liderimizin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) qarşısındakı abidəsi önünə gül dəstələri  qoyublar.  

Daha sonra təqdimat ÖYİ-də davam edib. Qonaqlar ittifaqın binasının foyesində Heydər Əliyevə həsr olunmuş kitablardan və AMM-in nəşrlərindən ibarət sərgi ilə tanış olublar. Azərbaycan-Özbəkistan dostluğu haqqında videoçarx nümayiş etdirilib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru professor Erkin Nuriddinovun moderatorluğu ilə keçirilən tədbirdə çıxış edən ÖYİ-nin sədri Xalq şairi Siracəddin Səyyid Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin bərpasında, gücləndirilməsində və dövlətçiliyin qorunub saxlanılmasında, xalqın özünüdərkinin dirçəldilməsində, müstəqil Azərbaycanın beynəlxalq aləmdə layiqli yerini tutması istiqamətində müstəsna xidmətlərini diqqətə çatdırıb. O, Heydər Əliyevin ədəbiyyata, sənətə böyük qiymət verdiyini qeyd edərək daim ədəbiyyat adamlarına qayğı göstərdiyini vurğulayıb.

Səfir Hüseyn Quliyev Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışıb və onun xalqımızın, dövlətçiliyimizin çətin məqamlarında xalqın tələbi ilə hakimiyyətə gələrək müstəqilliyimizi xilas etdiyini bildirib. Diplomat Azərbaycan xalqının öz böyük övladının xatirəsini daim əziz tutduğunu və Ulu öndərin siyasətinin bu gün də uğurla davam etdiyini vurğulayıb.

Özbəkistanlı alim və tərcüməçi Babaxan Məhəmməd Şərif Heydər Əliyevin hələ SSRİ dövründə Azərbaycana rəhbərlik etdiyi zaman ölkə iqtisadiyyatına, milli və mənəvi dəyərlərə, adət-ənənələrə verdiyi önəmdən söz açıb, müasir Azərbaycanın indiki vəziyyətə gəlib çatmasında Heydər Əliyevin böyük rolu olduğunu deyib.

“Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin üzvü İsrail Şamsimuxammedov, jurnalist Boris Babayev, ÖYİ-nin üzvü Sabir Kurbanov və başqaları Heydər Əliyevi dünya şöhrətli siyasi xadim kimi xarakterizə ediblər.

Kitabın müəllifi İsmat Kuçiyev 1990-cı illərdə Azərbaycanın keçdiyi çətin sınaqlardan söhbət açaraq məhz Heydər Əliyevin sayəsində ölkədə sabitlik və inkişafın əldə olunduğunu bildirib. O, Özbəkistanın Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini vurğulayıb, kitab haqqında məlumat verib.