Bakı Dövlət Universiteti (BDU) Jurnalistika fakültəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan mediası” mövzusunda silsilə tədbirlərə başlanılıb. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ilk tədbir Azərbaycan Mətbuat Şurasında keçirilib.

MŞ-nin sədri Rəşad Məcid göstərilən təşəbbüsə görə BDU-nun və Jurnalistika fakültəsinin rəhbərliyinə təşəkkürünü bildirib. Deyib ki, Ulu öndər Azərbaycan jurnalistikasının inkişafını həmişə diqqətdə saxlayıb. Prezident Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli Fərman ölkə mətbuatının inkişafında mühüm hadisədir. Məhz bu sənədlə mətbuatda və digər KİV-lərdə Dövlət Sirlərini Mühafizə edən Baş İdarə ləğv edilib.

R.Məcid bildirib ki, Ulu öndər mətbuat işçilərinə göstərdiyi diqqət və qayğıya görə “Jurnalistlərin dostu” adına layiq görülüb. Sədr həmçinin 2003-cü ildə ölkə jurnalistlərinin birinci qurultayında Mətbuat Şurasının yaradılmasından da bəhs edib. Heydər Əliyevin MŞ-nin formalaşmasına, ümumən, jurnalistikanın təşkilatlanmasına, cəmiyyətdə söz və ifadə azadlığının dərinləşməsinə, demokratik dövlət quruculuğu prosesində medianın roluna həssas yanaşdığını vurğulanıb.

BDU-nun Jurnalistika fakültəsinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbirdə mövzu ətrafında tələbələri maraqlandıran suallar cavablandırılıb.