Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ədəbiyyatşünas alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin (1908-1978) anadan olmasının 115-ci ildönümü münasibətilə silsilə materiallar – virtual kitab sərgisi və “Bir ömrün manifesti” adlı videomaterial hazırlanıb. Materiallarda Mir Cəlalın həyat və bədii yaradıcılığına, pedaqoji və alimlik fəaliyyətinə geniş yer verilib, maraqlı məlumatlar təqdim olunub.

“Bir ömrün manifesti” adlı videomaterialda Mir Cəlal Paşayevin elmi fəaliyyətində xüsusi yer tutan “Füzulinin poetik xüsusiyyətləri” və “Füzuli sənətkarlığı” fundamental əsərləri haqqında məlumatlar əks olunub. Bundan əlavə, ədibin “Dirilən adam”, “Bir gəncin manifesti”, “Açıq kitab” romanları haqqında da məlumatlar verilib. Həmçinin Mir Cəlalın həyatı ilə bağlı foto və video görüntülər təqdim olunur.

“Mir Cəlal Paşayev – 115” adlı virtual kitab sərgisində isə görkəmli alim və yazıçının həyat və yaradıcılığının əsas tarixləri, tanınmış şəxslərin onun yaradıcılığı ilə bağlı söylədikləri fikirlər, ədib haqqında yazılan “Mir Cəlalın ədəbi ideyaları”, “Mir Cəlal Paşayev. Biblioqrafiya”, “Sadəlik və müdriklik”, “Mir Cəlal xatirələrdə” və s. kitabların, ədibin özünün müəllifi olduğu “Bir gəncin manifesti”, “Dirilən adam”, “Füzuli sənətkarlığı” və başqa kitabların biblioqrafik təsviri yer alıb.