Moskvadakı A.S.Puşkin adına Dövlət Muzeyində Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkilatçılığı ilə Rusiya-Azərbaycan poeziya və musiqi gecəsi keçirilib.

Tədbir çərçivəsində Moskvanın ali məktəblərinin tələbələri Azərbaycan və rus ədəbiyyatı nümayəndələrinin yaradıcılığı ilə tanış olublar.

RAGB-nin sədri Ceyhun Hüseynov qeyd edib ki, tədbirin keçirildiyi yer təsadüfən seçilməyib. O deyib: “Bir neçə il bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin RAGB-nin fəxri sədri Leyla xanım Əliyevanı Puşkin medalı ilə təltif edib. Aleksandr  Puşkin rus xalqının dahi şairidir. Təşkilatımızın əsas məqsədi Rusiyada yaşayan azərbaycanlı gəncləri bir araya gətirmək, onların Rusiya cəmiyyətinə inteqrasiyasına kömək etmək, eləcə də Azərbaycanın mədəni dəyərlərini, tarixi irsini Rusiya ictimaiyyətinə çatdırmaqdır”.

Tədbir çərçivəsində tələbələrin ifasında N.Gəncəvi, A.Puşkin, S.Yesenin, M.Lermontov, S.Vurğun, R.Rojdestvenskinin şeirləri, F.Əmirov, Ü.Hacıbəyli, S.V.Raxmaninov və başqa bəstəkarların əsərləri səsləndirilib.

Sergey Yesenin adına Moskva Muzeyinin yaradıcısı və direktoru Svetlana Şetrakova şairin Bakı səfəri ilə bağlı hadisələrdən, eləcə də Azərbaycanın ədəbi mühitinə Yesenin yaradıcılığının təsirindən danışıb.