Mədəniyyət müəssisələrində, bədii təhsil ocaqlarında “Heydər Əliyev İli” çərçivəsində müxtəlif tədbirlər keçirilir, musiqi axşamları təşkil olunur.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Tofiq Quliyev adına 12 nömrəli onbirillik Musiqi məktəbi Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təqdim edib.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında gerçəkləşən konsertdə məktəbin kollektivini dirijor Mustafa Mehmandarovun idarəçiliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.

Təhsil ocağının respublika və beynəlxalq müsabiqələrdə uğur qazanmış şagirdləri və III respublika müsabiqəsinin qalibi olmuş böyük xor kollektivi F.Mendelson, V.Motsart, A.Skryabin, T.Bakıxanov, V.Adıgözəlov, M.Balakirev, K.Sen-Sans, C.Gerşvin, A.Məlikov və L.Vaynşteynin əsərlərini ifa edib.

Ulu öndərin əziz xatirəsinə ehtiramın ifadəsi kimi səslənən əsərlər musiqisevərlər tərəfindən alqışlarla qarşılanıb.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli İncəsənət məktəbində Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Muğam dünyamıza səyahət” adlı konsert təşkil olunub.

Tədbirdə əvvəlcə Azərbaycan muğamı haqqında məlumat verilib, muğamın dünya musiqi xəzinəsinin incisi kimi təbliğindən söz açılıb.

Konsert proqramında məktəbin xanəndə ixtisası üzrə müəllimləri Təranə Musayeva və Fərhad Ramazanov “Şur dəsgahı”, “Dilkəş təsnifi”ni ifa ediblər. Onları tarda Vüqar Təhməzov, kamançada isə Zaur Zamanzadə müşayiət ediblər.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli onbirillik Musiqi məktəbi də Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert təqdim edib.

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilən konsertdə məktəbin şagirdləri Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər. Konsertdə şagirdləri Mustafa Mehmandarovun dirijorluğu ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edib.