Mayın 2-dən etibarən Bakı-Vyana-Bakı birbaşa uçuşları başlanacaq. Həftədə iki dəfə olmaqla çərşənbə axşamı və cümə günləri həyata keçirilməsi planlaşdırılan uçuşlar  “Azərbaycan Hava Yolları” (AZAL) tərəfindən icra ediləcək.

Bu münasibətlə Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycanın Avstriyadakı Səfirliyinin təşkilatçılığı ilə aprelin 24-də Vyanada təqdimat tədbiri keçirilib.

DTA-nın sədri Fuad Nağıyev Bakı-Vyana-Bakı reyslərinin qarşılıqlı turist mübadiləsinə də töhfə verəcəyini, Azərbaycanı avropalı turistlər üçün daha əlçatan edəcəyini qeyd edib. Fuad Nağıyev Azərbaycanın turizm destinasiyası kimi tanıdılmsı məqsədilə genişmiqyaslı tədbirlərin görüldüyünü diqqətə çatdıraraq pandemiyadan sonrakı bərpa prosesində Avropadan gələn turist sayının artacağına inamını ifadə edib. 

Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli, Avstriya Federal Əmək və İqtisadiyyat Nazirliyinin turizm üzrə dövlət katibi Suzanne Kraus-Vinkler, AZAL-ın birinci vitse-prezidenti Samir Rzayev də birbaşa hava uçuşlarının turizm sahəsinə və ümumilikdə iki ölkə arasında iqtisadi əlaqələrə töhfə olacağını qeyd ediblər.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid ölkəmizin turizm potensialı haqqında təqdimatla çıxış edib. O, Vyanadan Bakıya birbaşa uçuşların yalnız Avstriya ilə deyil, Almaniya və İsveçrə kimi hədəf ölkələrlə də turizm əlaqələrinin genişlənməsinə müsbət təsir edəcəyini bildirib.

Avstriyanın rəsmiləri, turizm sənayesi nümayəndələri, Avstriya və Slovakiyadan media nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanın milli mətbəx nümunələri və şərabçılıq məhsulları təqdim olunub, incəsənət ustalarının iştirakı ilə mədəni proqram təşkil edilib.