Nizami Gəncəvi kimi dühanı dünyaya bəxş edən qədim Gəncə, eləcə də paytaxt Bakı zəngin kitab ənənələri ilə məşhurdur. Bu şəhərlərin yaxın gələcəkdə UNESCO-nun Dünya Kitab Paytaxtı elan olunması üçün müvafiq işlər aparılır.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova bu barədə 23 aprel – Dünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə Əqli Mülkiyyət Agentliyinin keçirdiyi “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir və ya əzəli Azərbaycan – Türk torpaqları olan Zəngəzur həqiqətləri” mövzusunda konfransda çıxışı zamanı deyib.

Konfransın hər bir azərbaycanlı üçün çox həssas bir mövzuya – Zəngəzur kontekstində tarixi-mədəni irsimizin vəziyyətinə həsr olunmasının əhəmiyyətini vurğulayan nazir müavini qeyd edib ki, əzəli Azərbaycan torpaqları olan Zəngəzurun qərb hissəsinin Ermənistana verilməsi yüz ildir Türk dünyasının coğrafi parçalanmasına gətirib çıxarıb.

“Biz XX əsrin ilk onilliklərində xalqımızın payına düşən acı taleyin və bu tarixi faciənin ağır nəticələrini indiyə qədər yaşayırıq. Otuz ilə yaxın Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal altında qalması da öz kökünü məhz həmin dövrdə yaşanan faciələrdən və buraxılmış tarixi səhvlərdən götürür”, – deyən Səadət Yusifova bildirib ki, işğal dönəmində ermənilər tərəfindən Qarabağ və Şərqi Zəngəzurda tarixi-mədəni irsimizin dağıdılması və saxtalaşdırılmasının qarşını almaq üçün Azərbaycan bütün beynəlxalq platformalarda öz haqq səsinin eşidilməsi üçün çalışıb. Lakin beynəlxalq səviyyədə bütün bunlara susqunluq nümayiş etdirilib. Ermənilər Şərq-İslam memarlığı üslubunda tikilmiş karvansaraları, məscidləri, hamamları, türbələri heç cür təhrif edə bilməyəndə onları məhv edib və ya tanınmaz hala salıblar.

Diqqətə çatdırılıb ki, işğal dövründə Azərbaycan mədəniyyətinin beşiyi Şuşada olan 300-dən artıq tarixi memarlıq abidəsindən əksəriyyəti dağıdılıb. Üzeyir Hacıbəylinin, Xan Şuşinskinin, Əbdürrəhim bəy Haqverdiyevin, Mir Möhsün Nəvvabın evləri yerlə yeksan edilib. Xan qızı Natəvanın mülkündən ancaq divar salamat qalıb. Molla Pənah Vaqifin əzəmətli muzey-məqbərə kompleksi üzlük daşlarına qədər talan edilib. Bütün bunlara rəğmən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, 28 il ərzində Şuşaya yad olan ermənilər nə qədər çalışsa da, Şuşanın Azərbaycan ruhunu, Azərbaycan görkəmini dəyişdirə bilməyib.

Nazir müavini qeyd edib ki, işğal dövründə alban-xristian abidələri də erməni saxtakarlığına məruz qalıb. Kəlbəcər rayonunda Xudavəng monastırı, Xocavənd rayonunun Hünərli kəndində, Tuğ kəndində olan alban məbədləri buna misaldır. Erməni vandalizmi yalnız azərbaycanlıların tarixi-mədəni və dini irsinə deyil, həm də digər dini ziyarətgahlara qarşı da tətbiq olunub. 1894-cü ildə Xocavənd rayonunda inşa edilmiş rus pravoslav kilsəsi də bu acı taleyi yaşayıb.