Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ilə bağlı bu ölkənin baş naziri Nikol Paşinyanın 27 aprel tarixində hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara cavab verib.

“Ermənistanın baş naziri Nikol Paşinyanın 27 aprel tarixində hökumət iclasında çıxışı zamanı ölkəmizin Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi ilə bağlı səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik. Azərbaycanın daxili işi olan öz suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi məsələsinə Ermənistan tərəfinin hər hansı bir müdaxiləsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiadır və Ermənistan tərəfindən Praqa və Soçidə öz üzərlərinə götürdükləri öhdəliklərə, eləcə də beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Ermənistan tərəfinin bu kimi bəyanatları bölgədə sülh və əmin-amanlığa töhfə verməməklə yanaşı, qəsdən gərginliyin artırılması məqsədi daşıyır”, – deyə XİN-in bəyanatında bildirilir.

Qeyd olunur ki, sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək bu məntəqənin təsis edilməsinin yolun bağlanması kimi qiymətləndirilməsi tamamilə yanlışdır. Ermənistan hökumət başçısının iddialarının əksinə, Üçtərəfli bəyanata əsasən, Azərbaycanın Laçın yolu üzərində səlahiyyətləri və suveren hüquqları mövcuddur: “Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək”.