Ölkəmizdə 1941–1945-ci illər müharibəsinin 57 veteranı qalıb

 

Prezident İlham Əliyev aprelin 26-da İkinci Dünya müharibəsində Qələbənin 78-ci ildönümü ilə əlaqədar müharibədə iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən,1941–1945-ci illərdə müharibədə iştirak etmiş şəxslərə 1 500 manat məbləğində, müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, müharibə illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 750 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Bu məqsədlə Prezidentin ehtiyat fondundan 2,9 milyon manat vəsait ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birdəfəlik maddi yardımın nəzərdə tutulmuş şəxslərə ödənilməsini təmin etmək tapşırılıb.

Nazirlikdən bildirilib ki, II Dünya müharibəsinə dair birdəfəlik ödəmə ümumilikdə 3729 şəxsə şamil olunacaq. O cümlədən İkinci Dünya müharibəsinin iştirakçısı olmuş 57 nəfərin hər birinə 1500 manat məbləğində birdəfəlik yardım ödəniləcək.