Prezident İlham Əliyev akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib...

 

Aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın (1923–1985) anadan olmasının 100-cü ildönümüdür.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Fəxri xiyabanda akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.

Dövlət başçısı Ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla anıb.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Prezident İlham Əliyev xalqımızın Ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstəsi qoyub.

***

Əliyeva Zərifə Əziz qızı 1923-cü il aprelin 28-də Azərbaycanın Naxçıvan bölgəsində, Şərur rayonunun Şahtaxtı kəndində anadan olub. Atası Əziz Məmmədkərim oğlu Əliyev və anası Leyla Cabbar qızı Abbasova tarixi torpağımız olan İrəvan mahalında anadan olmuşlar. 1918-ci ildə burada erməni silahlı dəstələri soydaşlarmıza qarşı kütləvi qırğınlara başlayandan sonra Əziz Əliyev Sankt-Peterburqdakı təhsilini yarımçıq qoyub İrəvana qayıdır və ailəsini Naxçıvana – Şahtaxtı kəndinə köçürür.

Zərifə xanım burada dünyaya göz açır. 1923-cü ilin may ayında Əziz Əliyev Bakıya köçmək qərarına gəlir. Zərifə xanım 1942-ci ildə Bakıda orta məktəbi əla qiymətlərlə, 1947-ci ildə isə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1947-1949-cu illərdə Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda (Moskva) diplomdan sonrakı hazırlıq fəaliyyəti nəticəsində oftalmologiya ixtisası üzrə mütəxəssis kimi təkmilləşib.

1954-cü ildə Zərifə xanım və Heydər Əliyev ailə həyatı qurublar. 1955-ci ildə qızları Sevil Əliyeva, 1961-ci ildə oğulları İlham Əliyev dünyaya gəlib.

Z.Əliyeva fəlsəfə doktoru (1959), M.Helmholts adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda (Moskva) elmlər doktoru (1976) dissertasiyalarını müdafiə edib, professor elmi adını alıb (1977), Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib (1983). Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi (1949), böyük elmi işçi (1960-1967), sonralar Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri vəzifələrində çalışıb (1967-1985). Onun təşəbbüsü ilə 1979-cu ildə Fiziologiya İnstitutu tərəfindən Bakı Məişət Kondisionerləri Zavodu nəzdində işçilərin görmə orqanının fiziologiyası və professional patologiyasının problemi ilə məşğul olan ilk ixtisaslaşmış laboratoriya təşkil edilib. Z.Əliyevanın oftalmologiya sahəsində çoxşaxəli elmi fəaliyyətinin əsas istiqamətini traxoma xəstəliyinin klinikası, görmə orqanının fiziologiyası və peşə xəstəliklərinin təsiri nəticəsində baş verən göz patologiyalarının profilaktikası, diaqnostikası və müalicəsi, kimya sənayesi müəssisələrinin işçilərində görmə orqanının vəziyyəti, herpetik göz xəstəlikləri, ağır virus konyuktivitləri, gözün hidrodinamik sisteminin fizioloji-anatomik xarakteristikası, göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi, şəkərli diabet zamanı göz xəstəlikləri, terapevtik oftalmologiya, qlaukoma problemləri və s. təşkil edib.

Z.Əliyeva 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi və həmmüəllifi, onlarla elmlər doktoru və fəlsəfə doktorunun elmi rəhbəri və məsləhətçisi olub. Çox sayda beynəlxalq qurultay, konqres, simpoziumlarda iştirak etmiş akademik Z.Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Bakıda ilk dəfə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin Plenumu keçirilib (1977). Z.Əliyeva SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, SSRİ Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin, “Oftalmologiya xəbərləri” jurnalının (Moskva) redaksiya heyətinin, respublika “Bilik” Cəmiyyəti İdarə heyətinin üzvü olub.

SSRİ Tibb Elmləri Akademiyasının “Akademik M.Averbax” mükafatı ilə təltif olunan (1981) ilk qadın alim olub, "Əməkdar elm xadimi" fəxri adına (1982) layiq görülüb, “Qırmızı Əmək Bayrağı” ordeni (1982) ilə təltif olunub.

Akademik Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib. Cənazəsi 1994-cü ildə Moskvanın Novodeviçye qəbiristanlığından Bakıya gətirilərək Fəxri xiyabanda – atasının məzarı yanında dəfn olunub.

Xatirəsi əbədiləşdirilib. Səhiyyə Nazirliyinin Milli Oftalmologiya Mərkəzi akademik Zərifə Əliyevanın adını daşıyır, Bakı şəhərində mərkəzi küçələrdən birinə alimin adı verilib.

2022-ci il noyabrın 22-də Prezident İlham Əliyev “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamda Səhiyyə Nazirliyinə Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə yubileyə dair tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb.