Aprelin 28-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və NMR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın 100 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbirin iştirakçıları əvvəlcə Ulu öndərin Naxçıvan şəhərinin mərkəzində yerləşən abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir Heydər Əliyev Muzeyində davam edib. Naxçıvan MR-in mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, Zərifə xanım Əliyeva çoxsaylı mükəmməl elmi əsərləri, vətənpərvərlik və insansevərlik xüsusiyyətləri, peşəkarlıq qabiliyyəti ilə yaddaşlarda silinməz iş qoyub. Nazir Zərifə xanımın oftalmologiya elminə gətirdiyi yeniliklərdən, aldığı mükafatlardan bəhs edib. Bildirilib ki, Zərifə Əliyeva mənsub olduğu xalqı işıqlı ideallara qovuşdurmaq yolunda apardığı qətiyyətli mübarizədə böyük şəxsiyyət, əbədiyaşar Heydər Əliyevin ən böyük silahdaşı olub.

Sonra “Əsl Azərbaycan qadını nümunəsi – akademik Zərifə xanım Əliyeva” mövzusunda çıxış edən NMR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, 2023-cü ildə bir ailənin iki üzvü – Ulu öndər Heydər Əliyev və Zərifə xanım Əliyevanın 100 illik yubileyləri muxtar respublikada da böyük təntənə ilə qeyd edilir. Zərifə xanım tədqiqatçı alim, həkimlik sənəti ilə yanaşı, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana olub, Prezident İlham Əliyev kimi dünya şöhrətli bir oğul böyüdüb.

Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev Zərifə Əliyeva ilə bağlı Ümummilli lider Heydər Əliyevin xatirələrindən danışıb. Qeyd olunub ki, Ümummilli lider Zərifə xanım haqqında hər zaman yüksək fikirlər səsləndirib, onun çox istedadlı, xeyirxah, sadə insan kimi ailələrində yaratdığı yüksək mənəvi mühitə, qayğıkeşliyinə, böyük sevgisi və diqqətinə görə çox xoşbəxt olduğunu bildirib.

Sonra tədbir iştirakçıları rejissor Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filmini izləyiblər. Sonda muzeyin ekspozisiyasına baxış keçirilib.