Aprelin 28-də Abdulla Şaiqin Mənzil-Muzeyində müasir dövrümüzdə bəşəriyyətin ən böyük bəlası hesab edilən narkomaniya ilə mübarizə mövzusunda “Ağ ölümə yox deyək!” adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbə heyəti, “Restart” Reabilitasiya Mərkəzi Binəqədi filialının proqram rəhbəri Niyaz Allahverdiyev və “Sahibsiz Uşaqlara Kömək” İctimai Birliyinin rəhbəri Məlahət Abbasova iştirak ediblər.

Muzeyin əməkdaşı Fəridə Məmmədova məruzəsində bildirib ki, gənclərin həyatını ciddi təhlükə qarşısında qoyan narkomaniyaya qarşı insanların maarifləndirilməsi böyük əhəmiyyət kəsb edir.

Gənclərlə qarşılıqlı fikir mübadiləsi formatında keçən tədbirdə bildirilib ki, bəşəri bəlanın qarşısını almaq üçün asılılığı olan insanlar cəmiyyətdən təcrid olunmamalı, onlara mənəvi dəstək göstərməklə növbəti travmaların qarşısını almaq mümkündür. Bundan əlavə, valideynlər arasında narkomaniyanın ağır fəsadları ilə bağlı maarifləndirmə işi aparılmalıdır.

Sonda narkomaniyadan əziyyət çəkmiş, lakin müalicə nəticəsində sağalaraq həyatlarını yenidən qazanmış insanlar haqqında videoçarx nümayiş olunub.