Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında silsilə materiallar – videomaterial, ənənəvi kitab sərgisi, biblioqrafik siyahı hazırlanıb.

Azərbaycan və ingilis dillərində tərtib edilən videomateriallarda Zərifə Əliyevanın həyatı və elmi fəaliyyətindən, oftalmologiya elminin inkişafına verdiyi dəyərli töhfələrdən, bu sahə üzrə onlarla yüksəkixtisaslı kadrın yetişdirilməsində göstərdiyi xidmətlərdən bəhs olunur. Materiallarda alimin zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər haqqında məlumat verilir. Videomateriallarda Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin Zərifə xanım haqqında fikirləri, xatirələri, foto və videogörüntülər də yer alıb.

Biblioqrafik siyahıda Zərifə xanımın həyat və fəaliyyəti, 100 illik yubileyinin keçirilməsinə dair rəsmi sənədlər, müəllifi olduğu əsərlər, onun haqqında yazılan kitab və monoqrafiyalar, toplularda və dövri mətbuatda çıxan (Azərbaycan və rus dillərində) məqalələr barədə məlumatlar xronoloji ardıcıllıqla yerləşdirilib. Burada “Xatirələrdə yaşayan Zərifə Əliyeva” başlığı altında bir sıra görkəmli şəxsiyyətlərin, Zərifə xanımı şəxsən tanıyan həmkarlarının, dövlət və elm xadimlərinin onun haqqında fikirləri toplanıb.

Kitabxanada təşkil edilən “Zərifə Əliyeva – 100” başlıqlı ənənəvi sərgidə isə Zərifə xanımın həyat və fəaliyyətini əks etdirən kitablar, dərc edilən mətbuat materialları, görkəmli şəxslərin onun haqqında fikirləri, kitabxananın əməkdaşları tərəfindən hazırlanan biblioqrafik siyahı nümayiş olunur.

Gənclər Kitabxanasında Zərifə Əliyeva haqqında elektron məlumat bazası da hazırlanıb. Elektron bazada görkəmli alimin həyatı, elmi və ictimai fəaliyyəti haqqında geniş məlumat verilir. Burada alimin Azərbaycan, rus və ingilis dillərində çap edilən əsərlərinin, dövri mətbuat materiallarının, haqqında qələmə alınan kitab və məqalələrinin siyahısı əks olunub.

Məlumat bazasında “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya”, “Videoqalereya” bölmələri ilə yanaşı, görkəmli alim haqqında qələmə alınan “Ürəklərdə izi var” və “Unudulmaz alim, mehriban ana, qayğıkeş insan” adlı məqalələrin tam mətni də yerləşdirilib. Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar hazırlanan elektron məlumat bazası ilə https://ryl.az/melumat-bazalari/Zerife_Eliyeva_el_melumat_bazasi/index.html linki vasitəsilə tanış ola bilərsiniz.