Türkiyənin “Ulusal” telekanalında yayımlanan “Azərbaycan rüzgarı” proqramının növbəti buraxılışı dahi Üzeyir Hacıbəylinin layiqli davamçısı, Azərbaycanı dünyaya tanıdan, milli bəstəkarlıq məktəbinin ən layiqli nümayəndələrindən olan Fikrət Əmirova həsr edilib.

“Azərbaycan rüzgarı”nın müəllifi və aparıcısı Səidə Ömər bildirib ki, hələ sağlığında ölməzlik qazanmış bəstəkar Fikrət Əmirovun əsərləri yarandığı gündən təkcə Azərbaycanda deyil, eyni zamanda dünyanın bir sıra ölkəsində böyük uğur qazanıb. Azərbaycan musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri olan F.Əmirovun yaradıcılığı geniş və çox şaxəlidir. Prezident İlham Əliyevin sərəncamı ilə ötən il dahi bəstəkarın 100 illik yubileyi Azərbaycanda və xaricdə geniş qeyd olunub.

Telejurnalist bildirib ki, verilişdə bəstəkarın operaları, simfonik muğamları və baletlərindən parçalar nümayiş etdirilib. Azərbaycan Milli Konservatoriyasının məzunları – musiqişünas və tarzən Behrad Bünyadi və musiqiçi Ruzbeh Talebi bəstəkarın "Kor ərəbin mahnısı", "Mən səni araram", "Reyhan" və "Böyük dayaq" bədii filminə yazdığı "Pərişanın mahnısı"nı ifa ediblər.

Qeyd edək ki, həmyerlimiz, İstanbul Universitetinin doktorantı olan Səidə Ömər tərəfindən hazırlanan "Azərbaycan rüzgarı" proqramı “Ulusal” telekanalında həftənin bazar günü Bakı vaxtı ilə saat 17:30-da Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə yayımlanır.

Mehparə Sultanova
Ankara