Aprelin 28-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Heydər Əliyev Mərkəzində böyük səhiyyə xadimi, akademik Zərifə Əliyevanın 100 illiyinə həsr edilmiş tədbir təşkil olunub.

Əvvəlcə tədbir iştirakçıları mərkəzin muzey bölmələri ilə tanış olublar, burada Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb.

Dövlət himni səsləndirildikdən sonra Ulu öndərin, Zərifə xanımın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda bildirilib ki, akademik Zərifə Əliyeva zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçib, əhatəli elmi fəaliyyəti ilə ölkəmizdə tibb sahəsinin, xüsusilə oftalmologiyanın inkişafına əhəmiyyətli töhfələr verib.

Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri görkəmli oftalmoloq-alimin mənalı həyat yolu və elmi fəaliyyəti ilə bağlı fikirlərini bölüşüblər.

Bədii hissədə şagirdlərin ifasında şeirlər səsləndirilib və rəqs nömrələri təqdim olunub.

Sonda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.