25-30 aprel tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində XVIII “Balaca xanımlar və bəylər” beynəlxalq uşaq teatr festivalı keçirilir.

Almaniya, İtaliya, Polşa, Finlandiya, İspaniya və digər ölkələrdən teatrların qatıldığı festivalda azərbaycanlı teatrşünas, Türkdilli Xalqların Teatr Direktorları Şurasının sədri, sənətşünaslıq doktoru, Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov münsif kimi iştirak edir.

Festivalda tamaşa nümayişləri, uşaq oyunları ilə yanaşı seminarlar, maarifləndirici sosial layihələr, peşə tanıtımları və s. tədbirlər keçirilir.

Professor İsrafil İsrafilov Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrları Baş Müdirliyinin mükafatına layiq görülüb.

Teatrşünas festival haqqında təəssüratlarını “Mədəniyyət” qəzeti ilə bölüşüb: “Türkiyə Dövlət Teatrları Baş Müdirliyinin təşkilatçılığı ilə keçirilən festivala münsif kimi dəvət edilmişəm. Festivalda Avropa ölkələrindən, eləcə də Şimali Kipr Türk Cümhuriyyətindən teatr kollektivləri iştirak edir. Açılış mərasimində Türkiyə Dövlət Teatrlarının baş direktoru Mustafa Kurt qurumun mükafatını mənə təqdim etdi. Mükafat türkdilli teatrların yaradıcılıq əməkdaşlığı sahəsindəki fəaliyyətimə görə verilib. Olimpiyaçıların təbirincə desək, əsas olan mükafat deyil, iştirak etməkdir. Odur ki, iştirakçıların hər birinə sənət uğurları arzulayıram”.

Mehparə Sultanova
Ankara