2022-ci il dekabrın 12-dən etibarən QHT nümayəndələri, ekofəallar və gənc könüllülərin Azərbaycan Respublikasının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərində təbii sərvətlərin qanunsuz istismarına etiraz əlaməti olaraq Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində başladıqları dinc etiraz aksiyası 138 gündən sonra dayandırılıb.

Aksiya iştirakçılarının bir qrupu ilə aprelin 28-də Azərbaycanın dövlət nümayəndələrinin dəvəti əsasında görüş keçirilib. Prezidentin Şuşa rayonunda Xüsusi nümayəndəliyinin inzibati binasında keçirilən görüşdə aprelin 23-də Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması ilə əlaqədar yeni vəziyyətin yarandığı qeyd edilib. Buna görə də iştirakçılara aksiyanın dayandırılması təklif olunub.

Ekofəallar bildiriblər ki, Laçın-Xankəndi yolunun başlanğıcında sərhədçilərimiz tərəfindən sərhəd-nəzarət mexanizminin yaradılması, bununla da yolda hərəkət üzrə şəffaflığın və təhlükəsizliyinin təmin edilməsi onları çox sevindirib. Bununla belə, ekofəallar qeyd ediblər ki, aksiya hədəfə tam olaraq çatmayıb. Onlar Rusiya sülhməramlılarının müvəqqəti nəzarətindəki Azərbaycan ərazilərində təbii sərvətlərimizin qanunsuz istismarına son qoyulmasını və Azərbaycanın aidiyyəti qurumlarının həmin ərazilərdə monitorinqinə imkan yaradılmasını sülhməramlı kontingentin komandanlığından tələb etdiklərini bir daha vurğulayıblar.

Görüşdən sonra humanitar aksiyanın keçirildiyi ərazidə qeyri-hökumət təşkilatları nümayəndələrinin, ekofəalların və gənc könüllülərin bəyanatı oxunub.

Bəyanatda qeyd olunur ki, Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində 138 gün davam edən ekoloji aksiyanın minlərlə iştirakçısı olub: “Bu müddətdə xalqımızın dəstəyini hər zaman hiss etmişik və bu dəstək bizi daha da ruhlandırmışdır. 2023-cü il aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən suveren ərazimizdə, Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin qurulması isə hər bir Azərbaycan vətəndaşı kimi bizi də qürurlandırır və sevindirir. Çünki sərhəd-nəzarət mexanizminin yaradılması yolda hərəkət üzrə şəffaflığı, qanunun aliliyini və hərəkətin təhlükəsizliyini təmin etməklə istənilən təxribatın qarşısının alınmasına yönəlib. Azərbaycan ərazilərində qanunsuzluğun qarşısının alınmasına yönəlmiş bu qətiyyətli addım həm də aksiya iştirakçılarının hədəflərinə qismən çatması deməkdir. Tələblərimizə qismən nail olduğumuzu, eləcə də dövlət nümayəndələri tərəfindən bizə dəfələrlə edilən müraciətləri nəzərə alaraq, 2023-cü il aprelin 28-də saat 18:00-dan etibarən etiraz aksiyamızı müvəqqəti dayandırmaq barədə qərar qəbul etmişik”.

Bəyanatda o da vurğulanır ki, aksiya iştirakçılarının Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasına, ekoloji fəsadlarla bağlı monitorinqin keçirilməsinə dair sülhməramlı kontingentin komandanlığından tələbləri qüvvədə qalır və bu tələblər yerinə yetirilməyəcəyi halda onlar aksiyanın yenidən bərpa olunması hüququnu öz üzərlərində saxlayırlar.

Aksiya iştirakçıları 138 gün ərzində onlara dəstək göstərən Azərbaycan vətəndaşlarına, ərazidə təhlükəsizliyin təmin edilməsində əməyi olanlara, könüllü tibb işçilərinə, aksiyanın tələblərini dünya ictimaiyyətinə çatdıran yerli və xarici kütləvi informasiya vasitələrinə təşəkkür ediblər.

Qeyd edək ki, Laçın-Xankəndi yolunda ekoaksiya dayandırılıqdan sonra ərazi Şuşa rayon Polis Şöbəsi və Daxili Qoşunların əməkdaşları tərəfindən nəzarətə götürülüb.