Heydər Əliyev Mərkəzində akademik Zərifə Əliyevanın 100 illiyi münasibətilə konsert keçirilib

 

Aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın (1923–1985) anadan olmasının 100-cü ildönümü tamam oldu.

Bu münasibətlə Heydər Əliyev Mərkəzində akademik Zərifə Əliyevanın xatirəsinə həsr edilmiş konsert proqramı təqdim edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva tədbirdə iştirak ediblər.

Konsertdən əvvəl görkəmli alim, həkim, Ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotosərgiyə baxış keçirilib.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hazırlanan konsert akademik Zərifə Əliyeva haqqında filmin nümayişi ilə başlayıb.

Sonra səhnə əfsanəvi “Dan ulduzu” instrumental ansamblının ixtiyarına verilib. Konsertdə ansamblın repertuarından sevilən mahnılar ifa olunub. Proqramda Elza İbrahimova, Emin Sabitoğlu, Firəngiz Babayeva, İbrahim Topçubaşov, Oqtay Kazımi, Sevil Əliyeva və Tofiq Əhmədovun mahnıları, “Dan ulduzu” instrumental ansamblının yaradıcısı Gülarə Əliyevanın “Şüştər” muğamı əsasında yazdığı “Şüştər” rapsodiyası yer alıb.

Zalda quraşdırılan ekranlarda akademik Zərifə Əliyeva haqqında, “Dan ulduzu” ansamblının çıxışlarını, ötən illərin və müasir dövrün Azərbaycanını əks etdirən kadrlar yayımlanıb.

Konsert bəstəkar Emin Sabitoğlunun “Nə gözəldir Azərbaycan” mahnısının bütün müğənnilər tərəfindən birgə ifa olunması ilə yekunlaşıb.