Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Tanınmış qarmon ifaçısı, Xalq artisti, “Şöhrət” ordenli Aftandil İsrafilov aprelin 29-da, ömrünün 83-cü ilində vəfat edib.

Aftandil Eynulla oğlu İsrafilov 1941-ci il yanvarın 24-də Bakı şəhərində anadan olub. 1961-ci ildə Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Mülki tikinti fakültəsinə qəbul olub. Qarmona olan marağı onun təhsilini yarımçıq qoyaraq həyatını musiqiyə həsr etməsinə səbəb olub.

İstedadlı ifaçı “Azkonsert”in tərkibində ansambl yaradaraq sənət fəaliyyətini davam etdirib. 1970-ci ildə Xalq artisti Zeynəb Xanlarova ilə birgə Türkiyədə qastrol səfərindən sonra onun ansamblının tərkibində dünyanın dörd bir yanında Azərbaycan musiqisinin təbliği ilə bağlı silsilə konsertlərdə çıxış edib. Ustad qarmon ifaçısı dinləyicilərin böyük rəğbətini qazanmış “Kəmalə”, “Nazilə”, “Aynurə”, “Jalə”, “Basqalı” kimi onlarla melodiyanın da müəllifidir.

Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafındakı müstəsna xidmətlərinə görə 1998-ci ildə “Xalq artisti” fəxri adına, 2016-cı ildə “Şöhrət” ordeninə layiq görülüb. 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

İfaçılıq sahəsində öz dəst-xətti olan sənətkar milyonlarla musiqisevərin qəlbini fəth edib. Tanınmış musiqiçi, gözəl insan Aftandil İsrafilovun əziz xatirəsi onu tanıyanların, həmkarlarının qəlbində yaşayacaq.

Allah rəhmət eləsin.

***

Aprelin 30-da paytaxtdakı Heydər məscidində Xalq artisti Aftandil İsrafilovla vida mərasimi keçirilib.

Mərasimdə Mədəniyyət Nazirliyinin, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndələri, mərhumun sənət dostları, incəsənət xadimləri, ictimaiyyət və media təmsilçiləri mənsubları iştirak edib.

Sənətkar müəllifi olduğu ritmik qarmon melodiyalarından birinin – “Kəmalə” rəqsinin sədaları ilə son mənzilə yola salınıb.

Aftandil İsrafilov II Fəxri xiyabanda dəfn edilib. Məzarın önünə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından, eləcə də Mədəniyyət Nazirliyi və digər qurumların adından əklillər qoyulub.