Azərbaycan Respublikası ilə Dominikan Respublikası arasında diplomatik əlaqələr 2007-ci ilin 12 noyabr tarixində qurulub. Dominikanın Türkiyədəki səfiri Elvis Antonio Alam Loran eyni zamanda Azərbaycanda da akkreditə olunub. Onunla söhbətimizdə iki ölkə arasında mədəniyyət, turizm və digər sahələrdə münasibətlərə toxunduq.


– Dominikan-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz? Azərbaycanda səfir kimi fəaliyyətinizin əsas istiqamətləri nədən ibarət olacaq?

– Mən Dominikanın Azərbaycandakı ilk səfiriyəm və bu, özlüyündə ikitərəfli münasibətlərimizdə tarixi bir hadisədir. Bütün dünyanı əhatə edən pandemiyadan müəyyən normallığı bərpa etsək də, bizim marağımız diplomatik, mədəni və iqtisadi əlaqələrimizi ən yüksək səviyyəyə qaldırmaq və indiyədək uğurla inkişaf etdirdiyimiz ikitərəfli və çoxtərəfli şəkildə qarşılıqlı dəstəyi davam etdirməkdir.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Elnur Məmmədovla görüşümüz zamanı da bildirmişdim ki, Dominikan Respublikası siyasi və iqtisadi baxımdan regionun ən sabit ölkələri sırasındadır. Dominikan azad ticarət müqavilələri sayəsində 1,2 milyarddan çox insanın bazara çıxışını təmin edir. Azərbaycan şirkətləri də ticarət və investisiya imkanlarından yararlana və bizimlə birgə layihələr üzrə çalışa bilərlər. Ölkəmiz kənd təsərrüfatında, xüsusilə tropik meyvə istehsalı sahəsində mühüm potensiala malikdir. Biz dünyada bir nömrəli üzvi banan və orqanik kakao istehsalçısıyıq.


– İki ölkə arasında mədəni əlaqələr haqqında nə deyə bilərsiniz?Humanitar sahədə insanlar və mədəniyyətlər arasında əlaqələrin yaxşılaşdırılması üçün hansı planlarınız var?

– Mən həmişə demişəm ki, bir ölkənin sərvəti onun mədəni müxtəlifliyidir. Dominikan da Azərbaycan kimi zəngin, mədəni müxtəlifliyə malikdir. Bizim böyük mədəni irsimiz var. Biz nəfis yeməklər hazırlayırıq və gözəl rəqslər yaradırıq. Ölkəmiz rəngarəngdir. Məhsullarımızı Azərbaycana da gətirməyi planlaşdırırıq. Xatırladım ki, Amerikada ilk şəhər, ilk xəstəxana, ilk universitet Dominikanda olub. Qarşıdakı planlarımızdan biri də Azərbaycanda Dominikan günlərinin keçirilməsidir.


– Maraqlıdır, bu proqram necə təşkil olunacaq, nələr təqdim ediləcək və kimlər qatılacaq?

– Mədəniyyətimizi və rənglərimizi çox insanın ziyarət etdiyi bir yerdə təqdim etməyi planlaşdırırıq. Bu, ölkəmizi göstərmək üçün bizə imkanlar təqdim edən bir park və ya bir məkan ola bilər. Fotoşəkillərdən, musiqimizdən və yeməklərimizdən ibarət sərgimiz olacaq. Tədbirdə hər kəs iştirak edə bilər.


– Dominikan Respublikası dünyanın məşhur turistik yerlərindən biridir. Azərbaycanla turizm sahəsində əlaqələr necədir? Hər iki ölkənin turizm sahəsinin inkişafı və təbliği üçün hansı addımların atılması planlaşdırılır?

– 2022-ci ildə Dominikana 8 milyon turist səfər edib. Bu sahədə bölgənin əsas istiqaməti bizdədir. Turizm ölkənin ən mühüm və gəlir gətirən sahələrindən biridir. Məqsədlərimizdən biri də Azərbaycandan Dominikana gələnlərin sayını artırmaqdır.


– İki ölkə arasında birbaşa reyslərin açılması gözlənilirmi?

– Təəssüf ki, hələlik yox. Amma Bakıdan uçmaq üçün alternativlər var. Hazırda Azərbaycan vətəndaşları üçün viza tələbinin aradan qaldırılması üzərində işləyirik ki, səfərlər asanlaşsın.


– 30 ilə yaxın işğaldan sonra Azərbaycan, nəhayət, 2020-ci ildə öz ərazilərini geri qaytardı. Hazırda həmin ərazilərdə geniş tikinti və bərpa işləri aparılır. Prosesdə müxtəlif ölkələrdən də şirkətlər iştirak edir. Dominikanın bu proseslərə qatılması gözlənilirmi?

– Mən ötən il Qarabağa getmişdim. Hətta yeni hava limanından da istifadə etdim. Orada yeni yollar, tikinti işləri gördüm. Qarabağ iqtisadi rayonunda aparılan yenidənqurma və bərpa işlərinin şahidi oldum. Dominikan və Azərbaycana gəlincə, bir-birimizi tanımaq üçün bizə vaxt lazımdır. Münasibətlərimiz hələ təzə qurulub. Ola bilsin ki, yaxın gələcəkdə şirkətlərimiz Qarabağda abadlıq işlərində iştirak etsinlər. Aramızdakı məsafəni də nəzərə almaq lazımdır.


– Azərbaycana, o cümlədən Qarabağa səfərdən hansı təəssüratlarla ayrıldınız?

– Şuşa və ətraf rayonlarda – Füzulidə, Ağdamda da olmuşam. Çox dağıntılar vardı və bu, çox məyusedici idi. Biz Azərbaycan hökumətinin o dağıntıların bərpası istiqamətində cəhdlərinə şahid olduq.

Azərbaycanla bağlı fikirlərimi bu müsahibəyə sığdırmaq çətindir. Ona görə də bacardığım qədər ifadə etməyə çalışacağam. İlk olaraq inşa olunan bir çox binalarda Bakının tarixini gördüm. Onlarda müxtəlif hekayələri göz önünə gətirmək mümkündür və bu memarlıq əsərləri insanı zamana səyahət etdirir, o memarlıq üslublarında sanki əsrləri əhatə edən dövrlərdən keçirsən.

Bakıda heyrətamiz parklar var. Akkreditasiya sənədini Azərbaycan Prezidentinə təhvil verəndən sonra 3 gün Bakıda qaldım və hər gün tarixi məkanlarda gözəl mənzərələrlə dolu günlər keçirdim, küçələrini gəzdim. Bu səyahətim məni məmnun etdi. Bakıda diqqətimi çəkən məqam qədimlik və modernləşmənin inteqrasiyası oldu və bu, vəhdət çox xoşuma gəldi. Bir sözlə, Bakı həyatımda gördüyüm ən gözəl şəhərlərdən biridir. Əvvəllər də Bakını görmək arzusunda idim və nəhayət, gördüm.


– İnsanlarımız arasında hansı oxşarlıqları müşahidə etdiniz?

– Bizim xalqımız mehribandır, özünü gizlətmir, necə var elədir, siz də istiqanlı, səmimisiniz, yəni, bu oxşar cəhətlərimizdir. Ailə təməli, ailə adət-ənənələri, ailəyə inam da oxşar cəhətlərimizdəndir. Geyiminiz, dəbə uymanız və həyatdan zövq alaraq yaşamanız məni heyran etdi.


– Bakıda sizə xatirə qalan nəsə aldınızmı?

– Bəli, gözəl bir xalça aldım. O xalça Bakı qədər mənə doğma və isti gələn bir xatirədir.


– Dominikan yaxın vaxtlarda Bakıda səfirlik aça bilərmi?

– Yuxarıda qeyd etdiyim kimi, münasibətlərimizdə addım-addım irəliləməliyik. Artıq Ankarada Azərbaycan nümayəndəliyimiz var, bu, ilk addımdır. Məndən soruşsanız ki, bunda potensial varmı, cavabım budur: təbii ki, var və niyə də yox...

Mehparə Sultanova
Ankara