30 aprel Beynəlxalq Caz Günüdür (İnternational Jazz Day). Bu gün 2011-ci ildə UNESCO tərəfindən caz musiqisinin sülh, birlik və dialoqun, insanlar arasında ünsiyyətin genişləndirilməsində rolunu diqqətə çatdırmaq məqsədilə təsis olunub.

UNESCO-nun sülhməramlı səfiri, dünya şöhrətli caz pianoçusu Hörbi Hənkokun təşəbbüsü ilə təsis olunan Beynəlxalq Caz Günü 2012-ci ildən etibarən dünyanın bir çox ölkələrində qeyd olunur. Azərbaycan da həmin ildən bu dünya əhəmiyyətli caz hadisəsinə qoşulub. H.Hənkok Azərbaycanın Əməkdar artisti, pianoçu İsfar Sarabskini 2012-ci ildə ilk caz forumuna dəvət edib. 2015-ci ildə Parisdə keçirilən Beynəlxalq Caz Günündə ölkəmizi İsfar Sarabski, gənc pianoçu Etibar Əsədli, Əməkdar artist Ruslan Hüseynov, Elvin Bəşirov və Xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” folk-estrada qrupu təmsil edib.

Beynəlxalq Caz Günü 2017-ci ildən etibarən ölkəmizdə də qeyd olunur. Həmçinin artıq neçə illərdir Mədəniyyət Nazirliyinin təşkilatçılığı və digər qurumların iştirakı ilə ənənəvi Bakı Caz Festivalı keçirilir.

Dünyada Azərbaycan cazının özünəməxsus yeri var. Amerika cazı və muğam musiqisi üzərində qurulan Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda Niyazi və Tofiq Quliyevin yaratdığı “Dövlət Cazı” adı ilə tanınan estrada orkestri tərəfindən qoyulub. Azərbaycanda estrada və caz musiqisinin ikinci həyatı Rafiq Babayevin yaratdığı “Qaya” ansamblı ilə başlayıb. Bu ansambl keçmiş SSRİ-də böyük şöhrət qazanıb. Vaqif Mustafazadə dövrü isə Azərbaycanda cazın intibah dövrü hesab edilə bilər. Virtuoz musiqiçi muğamla cazın sintezini yaradıb. Özündən sonra onun yolunu qızı Əzizə Mustafazadə davam etdirir.

Azərbaycan cazı indi gənc ifaçıların timsalında inkişaf edir. Beynəlxalq Montre caz festivalının qalibi İsfar Sarabski, tanınmış musiqiçilər Rain Sultanov, Salman Qənbərov, Emil Əfrasiyaboğlu, Şahin Növrəsli və başqaları bu ənənələri uğurla davam etdirirlər.

Onu da qeyd edək ki, mayın 4-də Heydər Əliyev Mərkəzində “Caz Günü” adlı konsert olacaq.

Mərkəzinin Auditorium zalının səhnəsinə əvvəlcə trio – pianoçu və bəstəkar, beynəlxalq müsabiqələr laureatı Ruslan Ağababayev (piano), Ruslan Hüseynov (bas gitara) və Elvin Bəşirov (zərb aləti) çıxacaqlar. Konsertin davamında trionun müşayiəti ilə Xalq artistləri Ənvər Sadıqov (qarmon),Tünzalə Ağayeva (vokal), Əməkdar artistlər Ceyla Seyidova (skripka), Sevda Ələkbərzadə (vokal), həmçinin Elnur Mikayılovun (kamança) ifasında caz kompozisiyaları təqdim olunacaq.