AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimlinin “Heydər Əliyev və klassik irs” monoqrafiyası işıq üzü görüb.

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə nəşr olunan monoqrafiyada Ulu öndərin Azərbaycan klassik irsinə sevgi və qayğısından, bu irsin öyrənilməsi, tədqiqi və təbliği istiqamətindəki unudulmaz fəaliyyətindən bəhs edilir. Kitabda Ümummilli liderin müxtəlif səviyyəli dövlət tədbirlərindəki çıxışlarından, ziyalılarla görüşlərində səslənən fikirlərin, imzaladığı fərman və sərəncamlarından nümunələr gətirilərək onun klassik mədəni irsimizin böyük hamisi olduğu diqqətə çatdırılıb. Həmçinin monoqrafiyada Ulu öndərin Azərbaycan yazılı abidələrinə, ələlxüsus əlyazma irsimizə qayğısı, onun Respublika Əlyazmalar Fondunun xüsusi elmi tədqiqat institutu statusu almasında və müəssisənin maddi-texniki bazasının yüksəldilməsində rolu və başqa xidmətləri xüsusi vurğulanıb.

Yüksək paleoqrafik keyfiyyətdə nəşr olunan kitabda böyük tarixi şəxsiyyət Heydər Əliyevin həm sovet, həm də müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi dönəmdə Əlyazmalar İnstitutuna ziyarətini və “Kitabi-Dədə Qorqud” dastanının Drezden nüsxəsinin faksimilesini hədiyyə etməsini əks etdirən nadir fotolar, akademik Teymur Kərimlinin Ulu öndərin anadan olmasının 98-ci ildönümünə həsr etdiyi “Heydər doğulub” başlıqlı qəzəli də yer alıb.

Nəşrin elmi məsləhətçisi AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, redaktoru Əlyazmalar İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.