Məlum olduğu kimi, ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə Cümhuriyyət dövrü “Azərbaycan” qəzetinin (1918-1920) tam külliyyatının nəşri həyata keçirilir. 20 cilddə nəzərdə tutulan toplunun VI cildi çapdan çıxıb.

VI cilddə qəzetin 1919-cu ilin mart ayı üzrə nüsxələri – 126-147-ci nömrələri (2-31 mart) yer alıb.

Qəzetin bu cilddə toplanan nömrələrində 1918-ci ilin Mart soyqırımının birinci ildönümü ilə bağlı materiallara geniş yer verilib. Eyni zamanda o dövrdə Azərbaycanın, regionun və beynəlxalq aləmin gündəm mövzularına dair müxtəlif səpkili informasiyalar diqqətə çatdırılıb.

Qəzetin mətnlərini filologiya üzrə fəlsəfə doktoru Mehdi Gəncəli və filoloq, tərcüməçi Azad Ağaoğlu transliterasiya edib.

Xatırladaq ki, “Azərbaycan” qəzetinin tam külliyyatının bundan öncə çapdan çıxan I cildi 1918-ci ilin sentyabr-oktyabr aylarını, II cild 1918-ci ilin noyabr, III cild 1918-ci ilin dekabr, IV cildi 1919-cu ilin yanvar, V cild 1919-cu ilin fevral ayı üzrə nüsxələri əhatə edib.