Milli Arxiv İdarəsində “Azərbaycanda arxiv işi - nailiyyətlər, perspektivlər: MAF sənədlərinin dövlət mühafizəsinə qəbulu, mühafizəsi və istifadəsi işinin təşkilində yeni yanaşmalar və normativ hüquqi əsaslar” mövzusunda seminar keçirilib.

Milli Arxiv İdarəsindən bildirilib ki, seminarda İdarənin və respublika dövlət arxivlərinin, o cümlədən Naxçıvan MR dövlət arxivinin, dövlət arxivinin filiallarının, rayon dövlət arxivlərinin məsul vəzifəli şəxsləri iştirak ediblər.

Milli Arxiv İdarəsi rəisinin müavini Həsən Həsənov seminarı açıq elan edərək bu günlərdə görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyinin qeyd edildiyini diqqətə çatdırıb. Zərifə xanım Əliyevanın Azərbaycanın tibb elmində, o cümlədən ictimai xadim kimi göstərdiyi fəaliyyətləri qeyd edib.

Həsən Həsənov 2022-ci ildə Azərbaycanda arxiv işi sahəsində mövcud olan normativ hüquqi sənədlərdə baş vermiş dəyişikliklər, yeni qəbul edilən qaydalar və bu istiqamətdə görülən işlər barəsində qısa məlumat verib.

Sonra mövzular üzrə məruzə ilə İdarənin şöbə müdirləri Cəmilə Abasova, Cəmaləddin Cavadov, Natiq Eminov çıxış ediblər.

 

Natiqlər sahələr üzrə yeni qəbul edilmiş normativ aktların tələbləri ilə bağlı iştirakçıları ətraflı şəkildə məlumatlandırıb, müvafiq problemlər və onların həlli yolları barədə fikirlərini bildiriblər.

 

Seminar açıq diskussiya şəraitində davam edib.