Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb.

İttifaqdan verilən məlumata görə, 2023-cü ilin yanvar, fevral, mart aylarında görülən işlərin hesabatının yer aldığı bülletenin bu nömrəsində eyni zamanda ölkəmizdə kino sahəsində görülən işlərdən də bəhs olunur.

Azərbaycanda gedən kino prosesinin xronikasını izləmək məqsədilə nəşr edilən, əlamətdar kino hadisələrini xatırlatmaq üçün nəzərdə tutulan bülletenin budəfəki nömrəsində görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun (1939-2022) Fəxri xiyabanda məzarüstü abidəsinin açılışı, Beynəlxalq Muğam Mərkəzində keçirilən anım mərasimləri haqqında informasiyalar yer alıb. Bundan başqa, çəkiliş meydançalarına, festival və müsabiqələrə, yubilyar filmlərə, yubileyi olan sənətkarlar haqqında olan məqalələrə və dünyasını dəyişmiş sənətkarların haqqında nekroloqlarda verilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə (ADMİU) əməkdaşlıq çərçivəsində operator, Əməkdar incəsənət xadimi Rafiq Quliyevin “Vizual informasiya daşıyıcıları və işığahəssas materiallar” dərsliyi, ittifaqın maliyyə dəstəyi ilə sənətşünas Nadir Bədəlovun “Kino gözlə söz arasında” kitabı barədə məlumatlar da  bülletendə öz əksini tapıb.

Xatırladaq ki, kino tədqiqatçıları üçün nəzərdə tutulan “Rakurs” uzun illər AKİ-nin rəhbəri olmuş R.İbrahimbəyovun ideyası və təşəbbüsü ilə təsis edilib.