Azərbaycan Turizm Bürosu mayın 1-dən 4-dək Birləşmiş Ərəb Əmirliklərində keçirilən “ATM Dubai – 2023” (Arabian Travel Market – 2023) beynəlxalq turizm və səyahət sərgisində milli stendlə təmsil olunur.

Dövlət Turizm Agentliyindən bildirilib ki, sərgidə Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC, habelə ölkəmizin 31 turizm və qonaqpərvərlik sənayesi nümayəndəsi iştirak edir.

Ziyarətçilərə Azərbaycanın tarixi, adət-ənənələri, mədəni irsi, milli mətbəx nümunələri, sağlamlıq və ekoturizm potensialı haqqında ətraflı məlumat verilir. Sərgi çərçivəsində müxtəlif ölkələrin turizm şirkətləri ilə B2B formatlı görüşlər keçirilir, əməkdaşlıq imkanları müzakirə olunur.

Sərginin ilk günü Azərbaycanın Dubay şəhərində baş konsulu Cavidan Hüseynov stendimizi ziyarət edib.

Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid sərgidə iştirak edən Səudiyyə Ərəbistanının “Flyadeal” aviaşirkətinin baş icraçı direktoru Con Korfiatislə görüşüb. Görüş zamanı əməkdaşlıq əlaqələri, qarşılıqlı turist axınına təkan verəcək marketinq və kommunikasiya istiqamətlərində birgə fəaliyyət, yay aylarında həyata keçiriləcək birbaşa uçuşlar və digər məsələlər müzakirə olunub.

Qeyd edək ki, 2022-ci ildə Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana səfər edən vətəndaşlarının sayı ilə Körfəz ölkələri arasında ikinci yeri tutub. Ötən il Yaxın Şərq ölkələrindən Azərbaycana gələn 228 mindən çox əcnəbinin 18 faizini BƏƏ vətəndaşları təşkil edib.