“Şah Təhmasibin “Şahnamə”si”nin illüstrasiyası hərracda satılıb

 

Şah I Təhmasibin dövründə ərsəyə gələn, Səfəvi miniatür sənətinin seçmə nümunələrinin və Firdovsinin “Şahnamə” əsərinə çəkilmiş ən məşhur miniatürlərin toplandığı illüstrasiyalı əlyazmalar toplusunun bir vərəqi “Sotheby” hərracında 6,1 milyon dollara satılıb.

Bu barədə hərracın İslam və Hindistan incəsənəti departamentinin direktoru Benedikt Karter məlumat verib. O qeyd edib ki, İran-Turan müharibəsinin rəsmini əks etdirən bu qiymətli nümunə auksionda ən çox təklif alanlar sırasında olub. O əlavə edib ki, bu illüstrasiyalı vərəq dünyanın Orta əsrlərə aid ən nadir əsərlərindən biridir. Unikal nümunə 1658-ci ildə Şah İsmayılın oğlu Şah Təhmasib tərəfindən Osmanlı Sultanı II Səlimə hədiyyə edilib.

Hərracda, həmçinin XVII-XVIII əsrlərə aid Yaxın Şərq, Şimali Afrika, Türkiyə, İran, Hindistan və Cənubi Asiyadan müxtəlif İslam əsərləri də satılıb.

B.Karter bildirib ki, ümumilikdə 135 əsər kolleksiyaçıları tərəfindən alınıb. Onların arasında Osmanlı imperiyası zamanında – XVII-XIX-əsrlərdə məşhur müsəlman xəttatları tərəfindən yazılmış Qurani-Kərimin nadir nümunələri də var. Osmanlı sultanlarının XVII əsrə aid qızıl naxışlı xəncəri 254 min funt-sterlinqə, həmin əsrdə hazırlanan “Qızıl buynuz” vazası 126 min dollara, müxtəlif geyim, keramika, metal əşyalar və rəsm əsərləri ümumilikdə 15,7 milyon dollara satılıb.

B.Karter vurğulayıb ki, son illər hərracda İslam əsərləri və irs nümunələrinə tələbat xeyli artıb. Kolleksiyaçılar onların nadir olmasına xüsusi əhəmiyyət verirlər. Ən çox tələbat isə Qurani-Kərimin müxtəlif əsrlərdə xəttatlar tərəfindən yazılmış nümunələridir.

Şah I Təhmasib (1514-1576) Azərbaycan Səfəvilər dövlətinin qurucusu I Şah İsmayılın böyük oğlu və ikinci Səfəvi hökmdarıdır. O, atasının ölümündən sonra (1524) 10 yaşında taxta çıxıb və Səfəvi şahları içərisində ən uzun müddət – 52 il hökmranlıq edib.

I Şah Təhmasib mədəniyyət və incəsənətin hamisi kimi də tanınıb. Təbriz miniatür və xəttatlıq məktəbləri ən yüksək inkişaf mərhələsinə onun dövründə çatmışdı. Şahın sifarişi ilə dövrün məşhur rəssam və xəttatları tərəfindən “Şah Təhmasibin “Şahnamə”si” əlyazma toplusu üzərində işlər 1540-cı illərin ortalarında tamamlanmışdı. Bundan əlavə, onun göstərişi ilə 1539-1543-cü illər arasında Nizaminin “Xəmsə”sinə xüsusi zövqlə miniatürlər çəkilmişdi.