3-5 may tarixlərində Bakıda “Moskva Günləri” keçiriləcək. Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (Bakıdakı Rus Evi) verilən məlumata görə, proqrama sərgilər, konsertlər, yaradıcılıq görüşləri və başqa mədəni tədbirlər daxildir.

“Moskva Günləri” çərçivəsində Azərbaycan Dillər Universitetində “Müasir pyes məktəbi” teatrının rəhbəri, teatr və kino rejissoru, aktyor Dmitri Astraxan ilə yaradıcılıq görüşü olacaq.

Heydər Əliyev Mərkəzində Rusiya Coğrafiya Cəmiyyətinin “Bakı ilk səyyahların obyektivində” adlı sərgisi, həmçinin “Turetskinin xoru” art-qrupu və “Soprano” qrupunun konserti keçiriləcək.

Beynəlxalq Muğam Mərkəzində məşhur şahmatçı, dünya çempionu Anatoli Karpovun iştirakı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş şahmat turniri təşkil ediləcək.

Mədəni tədbirlər çərçivəsində S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında “Müasir pyes məktəbi” teatrının “Ay işığında” tamaşası da nümayiş etdiriləcək.

Tədbirin üçüncü günündə “Moskva-Bakı: iki paytaxt arasında dialoq” konfransı, yazıçı Yuri Polyakov və Rusiyanın Xalq artisti Yelena Sanayeva ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.