“The Wall Street Journal”: Amerika Ermənistanı sülhə sövq edə bilər

 

ABŞ-nin nüfuzlu “The Wall Street Journal” nəşrinin dərc etdiyi məqalədə qeyd olunur ki, İrəvan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyana qədər Ermənistanla  Azərbaycan arasında münaqişə bitməyəcək.

Məqalədə Azərbaycanın neft və qaz tədarük etdiyi Avropa ilə möhkəm iqtisadi əlaqələr saxladığı, eyni zamanda Türkiyə və İsraillə də müdafiə sahəsində əməkdaşlığı möhkəmlətdiyi vurğulanır. Bildirilir ki, bu əlaqələr Azərbaycan hərbçilərinə öz gücünü qeyri-adi sürətlə artırmağa kömək edib. İkinci Qarabağ müharibəsində onların nümayiş etdirdikləri güc həm Moskvada, həm də Tehranda təcrübəli müşahidəçilərin çoxunu heyrətə gətirib.

Qeyd olunur ki, Azərbaycan həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkədir. Onun Türkiyə və İsraillə üçtərəfli əməkdaşlığı Tehranı daha çox narahat edir. İran İslam Respublikası əhalisinin azı üçdəbir hissəsini təşkil edən və fars mənşəli olmayan iri etnik qruplardan biri olan cənubi azərbaycanlılar da İran rejimini qorxudur. Beləliklə, Tehran Moskva və İrəvanla Türkiyə-İsrail-Azərbaycan qrupunu tarazlaşdırmaq məqsədi daşıyan üçtərəfli vektor üzrə fəaliyyət göstərir. Nəşr vurğulayır ki, bu vektora öz hərəkətləri ilə Ermənistanın xeyrinə çalışan Fransa Prezidenti Emmanuel Makron dolayı yolla kömək edir.

“The Wall Street Journal” xatırladır ki, Fransada böyük erməni diasporu yaşayır. Onun təsiri və Makronun beynəlxalq arenada ekssentrik təşəbbüslərə meyilliliyi sayəsində Parisin tutduğu mövqe bütövlükdə Rusiya və İranın Cənubi Qafqazda nüfuzunu gücləndirir. Ötən ilin noyabrında Paris özünü Şarl Mişelin rəhbərliyi altında Avropa vasitəçiliyinin iştirakçısı rolunda görürdü. Makron Şarl Mişelə (Avropa İttifaqının rəhbəri – red.) təzyiq göstərib ki, onu da Azərbaycanla Ermənistan arasında danışıqlara dəvət etsin. Bu da Avropa vasitəçiliyinin “Bakının gözündə qeyri-legitim” olmasına gətirib çıxarıb.

“Blinken (ABŞ dövlət katibi –red.) indi etiraf edir ki, Amerika yolu Ermənistanı sülhə sövq etmək və bununla da Rusiya-İran alyansı ilə əməkdaşlıq formasını məhdudlaşdırmaq üçün həyat qabiliyyətli yeganə yoldur”, – deyə yazıda bildirilir.

Qeyd edək ki, mayın 1-də ABŞ-nin paytaxtı Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, ABŞ-nin dövlət katibi Entoni Blinken və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Mayın 2-də Azərbaycan və Ermənistan XİN rəhbərlərinin danışıqları başlayıb. ABŞ-nin ev sahibliyi ilə danışıqların bir neçə gün davam edəcəyi gözlənilir.