30-dan çox ölkə nümayəndələrinin iştirakı ilə müzakirə olunub

 

Mayın 2-də ADA Universitetində 30-dan çox ölkənin 60-dək nümayəndəsinin iştirakı ilə “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransın ilk sessiyası ADA Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilib. O vurğulayıb ki, tədbir Avrasiya regionunda gələcək tendensiyaların müzakirəsi baxımından mühüm əhəmiyyət daşıyır.

ADA Universitetinin rektoru professor Hafiz Paşayev çıxışında bildirib ki, tədris ocağı artıq 4-cü dəfə belə bir konfransa ev sahibliyi edir. Burada bildirilən fikirlər daha sonra dünyanın bir çox ölkələrində məqalələr şəklində jurnallarda işıqlandırılır.

Rektor vurğulayıb ki, Ulu öndər Heydər Əliyev geosiyasət sahəsində mühüm addımlar atmış şəxsiyyət idi. O, Sovet İttifaqında siyasi yüksəkliklərə çatan yeganə azərbaycanlı idi. 1990-cı illərdə Azərbaycan böhranın ortasında idi. Müharibə, torpaqlarımızın Ermənistan tərəfindən işğalı, iqtisadi böhran – məhz bu şəraitdə Heydər Əliyev ölkəni idarə etməyə başlayıb. Ümummilli lider hakimiyyətə gəldikdən sonra müharibə dayandırılıb, iqtisadiyyat sabitləşdirilib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyası İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin əhəmiyyətindən, Bakı-Tbilisi-Ceyhan layihəsindən və Azərbaycanın təşəbbüskarı olduğu nəhəng nəqliyyat dəhlizləri layihələrinin önəmindən bəhs edib. Deyib ki, ötən müddətdə ölkəmizə 300 milyard dollara yaxın investisiya qoyulub. Azərbaycan alternativ enerji resurslarını paylaşan ölkədən tranzit ölkəyə çevrilib.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, ölkəmiz bir çox beynəlxalq, əsasən də nəqliyyat və tranzit sahələrə aid layihələrin təşəbbüskarı olub. Hazırda dünyada baş verən hadisələr, müharibələr alternativ tranzit yollarına ehtiyacın olduğunu bir daha göstərir, bu da Azərbaycanın irəli sürdüyü Orta Dəhlizin əhəmiyyətini artırır.

Konfransın ikinci sessiyası ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbinin nümayəndəsi Brenda Şafferin moderatorluğu ilə keçirilib.

ABŞ-nin Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Mətyu Brayzə, Özbəkistan Ali Məclisinin Senatı sədrinin birinci müavini Sadıq Safayev, Gürcüstanın ABŞ və Kanadada sabiq səfiri Tedo Caparidze, Şanxay Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Bolat Nurqaliyev və ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə katibinin köməkçisinin keçmiş müavini David Merkel çıxış ediblər. Çıxışlarda vurğulanıb ki, gənc Azərbaycan dövlətini xaos dolu illərdən çıxararaq ayağa qaldırmaqla Heydər Əliyev tarixi xidmətlər göstərib. Onun təməlini qoyduğu siyasət sayəsində Azərbaycan regionun strateji mövqeli dövlətinə çevrilib.