Türkiyənin Sakarya Universiteti Dövlət Konservatoriyasında Türk xalq bölümünün professoru Gülbeyaz Kürşad Bakı Xoreoqrafiya Akademiyasında (BXA) ustad dərsi keçib.

Ustad dərsində akademiyanın tam orta təhsil pilləsinin şagirdləri, orta ixtisas təhsili və bakalavr pilləsinin tələbələri iştirak ediblər.

Gülbeyaz Kürşad Türkiyənin müxtəlif bölgələrinə xas olan xalq rəqslərindən ölkənin şimal-qərb bölgəsində məşhur olan “Damad halayı” (“Kürəkən halayı”), Diyarbəkir bölgəsinə məxsus “Devilo” rəqsi və İzmir regionunun məşhur “Harmandalı” rəqsi ilə bağlı məlumat verib, element və hərəkət qaydalarını əyani şəkildə göstərib. Bildirilib ki, adıçəkilən rəqslərdəki ritmik əl, qol və ayaq hərəkətləri xalqın milli xüsusiyyətlərini özündə təcəssüm etdirir.

Ustad dərsini BXA-nın İdarə heyəti, kafedra müdirləri və müəllim-tələbə heyəti izləyib.