Tədbirdə “Ata yolu” filmi nümayiş etdirilib
Mayın 3-də Nizami Kino Mərkəzində “Heydər Əliyev və Azərbaycan kinematoqrafiyası” adlı tədbir keçirilib. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) tərəfindən Ulu öndərin 100 illiyi münasibətilə keçirilən tədbirdə tanınmış kino xadimləri iştirak ediblər.
ARKİ-nin icraçı katibi Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək Ulu öndərin Azərbaycan kinosuna diqqət və qayğısından danışıb.
ARKİ-nin sədri Xalq artisti Şəfiqə Məmmədova Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb: “Onunla ilk görüşüm 1970-ci ilə təsadüf edir. Həmin il martın 6-da paytaxtın teatr həyatında əlamətdar hadisə yaşandı. Hüseyn Cavidin “Xəyyam” tamaşasının premyerası keçirildi. Bizim üçün ən əlamətdar hadisə isə növbəti tamaşaların birində Azərbaycanın rəhbəri Heydər Əliyevin ömür-gün yoldaşı Zərifə xanım və oğulları İlhamla birlikdə teatra gəlməsi oldu. Heydər Əlirza oğlu tamaşadan sonra Hüseyn Cavidin qızı Turan xanımı, məni və Həsən Turabovu səhnə arxasına söhbətə dəvət elədi, uğurlu tamaşaya görə təşəkkürünü çatdırdı. Mən həmin görüşdən aldığım təəssüratı yəqin ki, heç zaman unutmaram”.
Xalq artisti Oqtay Mirqasımov, Əməkdar incəsənət xadimləri Ayaz Salayev, Aydın Kazımzadə çıxış edərək Heydər Əliyevin Azərbaycan kinosunun inkişafı ilə bağlı xidmətlərindən söz açıblar.
Xalq artisti Vaqif Mustafayev Ulu öndər haqqında silsilə sənədli filmlərinin ərsəyə gəlməsindən, onunla çəkiliş zamanı olan xatirələrindən danışıb.
Sonra Vaqif Mustafayevin Ulu öndərə həsr edilmiş “Ata yolu” filmi göstərilib. Ekran işi rejissorun Heydər Əliyevə həsr etdiyi 12 seriyalı film silsiləsinə daxildir.
Filmdə xalqımızın qədim tarixinə qısa ekskurs edilir. XX əsr Azərbaycanının ictimai-siyasi mühitindən bəhs olunur, ölkəmizin bugünkü mövqeyinin bərqərar olmasında, siyasi, iqtisadi uğurlar qazanmasında Ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətləri diqqətə çatdırılır. Ekran əsərində Ulu öndərin başladığı inkişaf yolunda onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurlar da əks olunub.
Filmin operatorları Arçil Axvlediani, Lomer Axvlediani, Cimşer Kristesaşvili, Valentin Piqanov, Martinş Punans, Əlövsət Aslanov, Elçin Əliyev, rəssamı Ağarəhim Əliyev, bəstəkarı Nazim Əhmədov, prodüseri Valeri Ruzindir.
Lalə Azəri