Azərbaycanın İspaniyadakı Səfirliyinin təşəbbüsü ilə mayın 3-də Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi tədbirləri çərçivəsində Azərbaycandan gətirilmiş və Qarabağın rəmzi olan xarıbülbül gülünün Madriddəki Kral Nəbatat Bağına hədiyyə olunması mərasimi keçirilib.

Səfir Ramiz Həsənov həmsöhbətinə xarıbülbülün Azərbaycan xalqı üçün özünəməxsus dəyəri, onun ölkəmizin zəngin tarixi və mədəniyyətini təmsil edən rəmz olması barədə məlumat verib. Diplomat bu çiçəyin Azərbaycanın dilbər guşələrindən olan Qarabağ ərazisində, xüsusilə Şuşa şəhərinin ətrafındakı yamaclarda geniş yayıldığını diqqətə çatdırıb.

Səfir bildirib ki, bundan sonra Madrid Kral Nəbatat Bağında da bitəcək xarıbülbül Azərbaycanın bütün dünyaya verdiyi sülh mesajını təcəssüm etdirir və xalqımız bu gülü özünün azadlıq, sevinc, zəfər rəmzi kimi simvollaşdırır.

Diplomat Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində əvəzsiz xidmətlərindən, regionda sülh uğrunda fəaliyyətindən söz açaraq bildirib ki, dahi şəxsiyyətin 100 illik yubileyi ərəfəsində onun sülhpərvər siyasətinin tərənnümü qismində xarıbülbül gülünün ispan tərəfinə təqdim olunması təsadüfi deyil.

İspaniya Kral Nəbatat Bağının direktoru Esteban Manrik hədiyyə üçün Azərbaycan tərəfinə minnətdarlığını bildirib, xarıbülbülün bitməsi üçün bütün lazımi şəraitin yaradılacağını deyib. O, valehedici zərifliyə malik gülün bağın ən gözəl  bitki nümunələrindən biri olacağını bildirib.

Qeyd edək ki, Kral VI Fernando tərəfindən 1755-ci ildə Manzanares çayı yaxınlığında yaradılmış nəbatat bağı möhtəşəm biomüxtəlifliyi bir araya gətirən canlı muzeydir. Bağ sonradan 1781-ci ildə hazırkı yerinə – Təbiət Elmləri Muzeyinin yanındakı “Paseo del Prado”ya köçürülüb. Burada dünyanın bir çox regionlarından 5500-dən çox flora nümunəsinə rast gəlmək mümkündür.