Azərbaycanın Almaniyadakı Səfirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olunub.

Tədbirdə yerli rəsmilər, xarici diplomatlar, Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri iştirak ediblər.

Qonaqlar əvvəlcə Heydər Əliyev haqqında sənədli filmi izləyiblər.

Mərasimdə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev, Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr qrupun üzvü, Heydər Əliyev Fondunun nümayəndəsi Soltan Məmmədov, Azərbaycan-Almaniya Forumunun sədri Hans-Eberhard Şleyer çıxış ediblər.

Nəsimi Ağayev qeyd edib ki, Azərbaycan müstəqilliyinin ilk illərində qarşılaşdığı böhrandan məhz Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində xilas olaraq, inkişaf və yüksəliş dövrünə qədəm qoyub. Heydər Əliyevin ən böyük arzusunun Azərbaycanın ərazi bütövlüyünün bərpası olduğunu vurğulayan diplomat bu arzunun müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə gerçəkləşdiyini vurğulayıb.

Soltan Məmmədov Heydər Əliyev Fondunun fəaliyyəti, milli-mədəni irsin qorunması və dünyada təbliği, eləcə də elm, təhsil, səhiyyə, multikulturalizm və digər sahələrdə həyata keçirilən müxtəlif layihələr barədə iştirakçıları məlumatlandırıb.

Hans-Eberhard Şleyer Heydər Əliyevin Almaniya ilə Azərbaycan arasında münasibətlərin qurulması və inkişafındakı rolundan bəhs edib.

Çıxışlardan sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri Əməkdar artist Əyyub Quliyevin dirijorluğu ilə konsert proqramı təqdim edilib. Konsertdə Berlin Filarmonik Kamera Orkestri, Reyn Alman Operasının vokalçısı Mərziyyə Hüseynova, Əməkdar artistlər – xanəndə Təyyar Bayramov və tar ustası Sahib Paşazadə çıxış ediblər. Proqramda Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Asəf Zeynallı, Niyazi, Bəxtiyar Kərimov və Həsən Rzayevin əsərləri, xalq mahnıları, eləcə də Avropa bəstəkarlarının əsərləri səsləndirilib.

İştirakçılar tədbir çərçivəsində Heydər Əliyevin 100 illiyi ilə bağlı nümayiş olunan fotosərgi və nəşrlərlə də tanış olublar.