Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universitetində (DDPU) “Heydər Əliyev – Azərbaycan və Özbəkistan arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin banisi” adlı beynəlxalq konfrans keçirilib.

Konfrans Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM), DDPU və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən konfrans Ümummilli liderin 100 illik yubileyinə həsr olunub.

Konfrans iştirakçıları öncə Heydər Əliyevin AMM-in önündəki büstünün qarşısına tər çiçəklər düzüblər. Sonra AMM tərəfindən universitetdə təşkil olunmuş foto və nəşrlərdən ibarət sərgi ilə tanışlıq olub.  

Konfransı giriş sözü ilə açan DDPU-nun rektoru professor Abduqaffor Qırğızbayev Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, onun təkcə Azərbaycan üçün deyil, Özbəkistan üçün də çox dəyərli şəxsiyyət olduğunu bildirib. O, Heydər Əliyevin sovetlər dönəmində özbək xalqına qarşı həyata keçirilən “pambıq işi”, başqa faciə və təxribatların qarşısının alınmasında fədakarlığını xatırladıb.

AMM-in direktoru Samir Abbasov Heydər Əliyev şəxsiyyəti, ölkəmiz qarşısında misilsiz xidmətləri, Türk dünyası ilə bağlı fikirləri, Özbəkistanla dövlətlərarası əməkdaşlığın qurulmasında və inkişafında xidmətlərini qeyd edib.

Özbəkistan Respublikası Beynəlxalq Münasibətlər və Xarici Ölkələrlə Dostluq Əlaqələri Komitəsinin sədr müavini Zafarbek Axmedov, Mirzə Uluqbek adına Özbəkistan Milli Universitetinin professoru, fəlsəfə elmləri doktoru Cəmilə Şermuhamedova, Azərbaycan Milli Məclisinin deputatı akademik Nizami Cəfərov, Özbəkistan Ali Məclisinin deputatı Gülbahor Səidqəniyeva, Bakı Dövlət Universiteti Arxeologiya və etnoqrafiya kafedrasının müdiri Kərəm Məmmədov, DDPU-nun professoru Abrar Həzrətqulov və tərcüməçi-alim Babaxan Şərifin Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində, ictimai-siyasi həyatında, daxili-xarici siyasətində müstəsna xidmətlərinə dair məruzələri dinlənilib.

Tədbirin bədii hissəsində DDPU-nun “Altun miras” ansamblı üzvlərinin və Azərbaycan və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədovanın ifasında milli musiqilərimiz və populyar özbək mahnıları ifa edilib. 

Lalə