“Ermənistanın konstruktivliyinə ümid edirik”

 

İstər regional inkişafla, istər beynəlxalq məsələlərlə, istərsə də ölkələrin ərazi bütövlüyü ilə bağlı siyasətimiz tamamilə aydındır. Azərbaycan geosiyasi dəyişikliklər nəticəsində daha güclü olacaq. Biz artıq bunu görürük.

Prezident İlham Əliyev bu sözləri mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib. Dördüncü dəfə təşkil olunan ənənəvi tədbir bu il Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Mayın 2-də ADA Universitetində işə başlayan konfransa 30-dan çox ölkədən 60-dək nümayəndə qatılıb.

Azərbaycan Prezidenti konfrans iştirakçılarının müxtəlif mövzulu suallarını cavablandırıb.

Dövlət başçısı bildirib ki, Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi başa düşməyə, təkcə başa düşməyə deyil, açıq şəkildə qəbul etməyə yaxınlaşması da qismən geosiyasi dəyişiklik, qismən də “kimsə gəlib onların yerinə döyüşəcək” illüziyalarının çökməsi ilə əlaqədardır.

Azərbaycanla Ermənistan arasında normallaşdırma prosesindən bəhs edən İlham Əliyev bildirib ki, razılığa gəlmək üçün ən yaxşı yol iki ölkə arasında, heç bir vasitəçi, köməkçi və ya pozucu olmadan birbaşa danışıqlardır.

Keçmiş Minsk qrupu həmsədrlərinin danışıqlarda yenidən iştirakla bağlı cəhdlərinin olduğunu deyən dövlətimizin başçısı bildirib ki, onlar kömək etmək istəyirlərsə, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına yardım edə bilərlər.

Prezident həmçinin deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında danışıqların növbəti raundunun bu ay Rusiyada keçirilməsi nəzərdə tutulub. Xatırladaq ki, iki ölkənin XİN başçıları mayın 1-dən 4-dək Vaşinqtonda danışıqlar aparıblar.

“Biz Ermənistanın konstruktivliyinə ümid edirik. Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar”, – deyə İlham Əliyev vurğulayıb.

“Qarşımızda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böyük çağırış və məsələ dayanır”, – deyən Prezident İlham Əliyev bildirib ki, bizim heç bir ölkə, xüsusən də qonşu ölkə ilə hər hansı problemin olmasına ehtiyacımız yoxdur.

Azərbaycanın İranla münasibətlərinə toxunan dövlət başçısı deyib ki, münasibətlər hazırda heç zaman olmadığı qədər çox aşağı səviyyədədir və onların həmin səviyyədə qalacağı, yoxsa daha aşağı düşəcəyi və ya qalxacağı barədə əvvəlcədən bir şey söyləmək çox çətindir.

Prezident diqqətə çatdırıb ki, hər şey Laçın ilə Xankəndi arasında kameraları quraşdırdıqdan sonra baş verdi: “Biz İran yük maşınlarının dövri olaraq Qarabağa hərəkət etdiyini ifşa etdik. Bu, tamamilə qanunsuz idi, çünki İran Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bu cür işlərlə məşğul olmalı deyildi...”.

Azərbaycanın Tehrandakı Səfirliyinə hücum barədə danışan Prezident İlham Əliyev bildirib ki, bu, diplomatlarımızı və onların ailə üzvlərini qətlə yetirmək məqsədilə qəsdən təşkil olunmuş terror aktı idi. Çünki həmin binada nəinki bizim səfirliyimiz, o cümlədən ailələrin yaşadığı mənzillər də yerləşir. Bir sıra ölkələrdə bizim təhlükəsizlik əməkdaşlarımız var, lakin yalnız İranda onlara silah gəzdirməyə icazə vermirlər.

Dövlət başçısı qeyd edib ki, biz İran rəsmilərindən bəzi məktublar almışıq: “Bəzi telefon danışıqları olub ki, münasibətlər normallaşsın. Lakin, birmənalı olaraq, tələblərimiz legitim və əsaslıdır. Əgər bu tələblər yerinə yetirilərsə, onda biz normallaşma haqqında danışa bilərik. Əgər yox, bu, belə də qalacaq. Bir daha deyirəm ki, bu, bizim seçimimiz deyil. Lakin İranda hər kəs, bütün dairələr nəhayət anlamalıdır ki, hədə və terror dili Azərbaycanla işləməyəcək. Onlar bunu nə qədər tez anlasalar, biz normallaşma əlamətlərini bir o qədər tez görə bilərik”.