DST: ölkələr xüsusi karantin rejimindən stabil mərhələyə keçə bilərlər...


BMT-nin ixtisaslaşmış qurumu – Dünya Səhiyyə Təşkilatı (DST) 2020-ci ilin 11 martında elan etdiyi koronovirus (COVID-19) pandemiyası ilə bağlı fövqəladə vəziyyətin başa çatdığını bildirib.

Bu barədə mayın 5-də Cenevrədə (İsveçrə) təşkilatın mənzil-qərargahında keçirilən DST Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin iclasından sonra məlumat yayılıb.

DST-nin fövqəladə vəziyyət üzrə proqramının direktoru Maykl Rayan brifinqdə bildirib ki, ictimai səhiyyədə beynəlxalq narahatlıq yaradan COVID-19-la bağlı fövqəladə vəziyyət başa çatsa da, pandemiya hələ davam edir.

“İnanmıram ki, elə bir dövr gələcək və biz pandemiyanın tamamilə başa çatmasını deyə bilək. Reallıq ondadır ki, virus dövr etməkdə davam edir. Yaxşı xəbər ondadır ki, ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət bitib”, – deyə o əlavə edib.

DST-nin eksperti Mariya van Kerkhove deyib: “Üç ildən çox davam edən fövqəladə vəziyyət mərhələsi başa çatıb, lakin koronavirus hələ də dövr edir. Biz onunla mübarizəni səhiyyə sistemlərinə necə inteqrasiya edəcəyimizi öyrənməliyik. Başlıca problem ondadır ki, virus mutasiyaya uğramaqda davam edir. Hər həftə minlərlə insan ölür, yüz minlərlə insan xəstəxanalara düşür və milyonlarla insan bu xəstəliyə yoluxur. Biz böhran fazasında deyilik, lakin sayıqlığı qoruyub saxlamağımız vacibdir”.

DST-nin Azərbaycandakı nümayəndəliyi də məsələ ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, DST-nin Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin tövsiyələrə əsasən, təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus COVID-19 pandemiyasının artıq ictimai səhiyyədə beynəlxalq fövqəladə hal olmadığını təsdiq edib. Bu, o deməkdir ki, ölkələr xüsusi karantin rejimindən COVID-19-un digər yoluxucu xəstəliklərlə birlikdə idarə olunduğu stabil mərhələyə keçə bilərlər.

Qebreyesus, eyni zamanda, bildirib ki, bu qərar COVID-19-un qlobal sağlamlıq təhlükəsi olaraq sona çatması demək deyil: “Keçən həftə dünyada COVID-19 hər 3 dəqiqədə 1 nəfərin ölümünə səbəb olub. Virus hələ də bizimlədir, yoluxma hallarının və ölümlərin artmasına səbəb ola biləcək yeni ştamların yaranma riski qalmaqda davam edir”.

Xatırladaq ki, COVID-19 infeksiyası 2019-cu ilin dekabrında Çinin Uxan şəhərində yayılmağa başlamış və DST 2020-ci ilin yanvarında bununla bağlı ilk fövqəladə vəziyyət çağırışını etmişdi. 2020-ci il martın 11-də isə təşkilat virusun yayılmasını dünya üçün qlobal pandemiya olaraq rəsmən elan etmişdi.

DST-nin pandemiya ilə bağlı fövqəladə vəziyyət rejimi 3 il, 1 ay, 3 həftə – 1150 gün davam edib.

Təşkilatın rəsmi məlumatına görə, bu müddətdə dünyada 765 milyon yoluxma halı qeydə alınıb. Rəsmi statistika (ölkələrin açıqladığı rəqəmlər) üzrə dünyada COVID-19 virusundan ölənlərin sayı 7 milyon nəfərdir. Lakin DST rəhbəri Qebreyesusun sözlərinə görə, real rəqəm bundan üç dəfə çox – 20 milyona yaxındır.

Müqayisə üçün deyək ki, dörd il sürən (1914-1918) Birinci Dünya müharibəsi zamanı 10 milyon nəfərə yaxın hərbi qulluqçu həlak olmuş, bir o qədər də mülki əhali aclıq və xəstəlikdən ölmüşdü.

V.Kamal