F.Köçərli adına Respublika Uşaq Kitabxanasının 2 saylı filialının təşkilatçılığı ilə paytaxtdakı Y.Yusifov adına 265 saylı tam orta məktəbdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Millətin atası” adlı tədbir keçirilib. Kitabxana əməkdaşları tərəfindən məktəbdə Heydər Əliyevə həsr edilmiş kitab sərgisi təşkil olunub. Məktəblilərin ifasında şeirlər, mahnılar səsləndirilib.

Respublika Uşaq Kitabxanasının 3 saylı filialı Qubadlı rayon Əliyar Əliyev adına Qəziyan kənd tam orta məktəbində (Sumqayıt şəhəri) Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Sən elə bir zirvəsən...” adlı tədbir keçirib. Məktəblilərin ifasında şeirlər səsləndirilib. Respublika Uşaq Kitabxanası tərəfindən məktəbin kitabxanasına uşaq ədəbiyyatından nümunələr və “Göy qurşağı” jurnalı təqdim olunub.

Ulu öndərin 100 illiyinə həsr olunmuş daha bir tədbir Respublika Uşaq Kitabxanası və “Mickey’s House” uşaq bağçasının birgə əməkdaşlığı ilə keçirilib. Tədbirdə Heydər Əliyevə həsr olunmuş şeirlər səslənib, Ulu öndərin çox sevdiyi “Küçələrə su səpmişəm” xalq mahnısının müşayiəti altında balacalar rəqs ediblər. Uşaqlar arasında maraqlı sual-cavab yarışı da keçirilib.

Respublika Uşaq Kitabxanasında H.Sarabski adına 7 saylı Musiqi məktəbi şagirdlərinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş konsert proqramı təşkil edilib. Şagirdlərin təqdimatında “Uçma, bülbül”, “Sarı gəlin” xalq mahnısı, “Xudayar təsnifi”, “Bizim Cəbiş müəllim” flimindən “Vals”, Sevil Əliyevanın “Ana” mahnısı və digər musiqilər səsləndirilib.