Lənkəran Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli Musiqi məktəbinin birinci sinif şagirdlərinin “Heydər Əliyev İli” çərçivəsində hesabat konserti keçirilib.

Konsertdən öncə regional idarənin rəisi Şahin Şahbazov çıxış edərək Ulu öndərin dövlətimiz və xalqımız qarşısında tarixi xidmətlərindən, Azərbaycan mədəniyyətinə, musiqi sənətinə göstərdiyi diqqət və qayğıdan bəhs edib. O, musiqi məktəbinin fəaliyyətini yüksək qiymətləndirərək, kollektivə yeni nailiyyətlər arzulayıb.

Konsert proqramında birincilərin ifasında “Heydər babanın nəvələriyik” mahnısı, F.Əmirovun “Qatar”, Q.Qarayevin “Oyun”, eləcə də digər Azərbaycan və dünya klassiklərinin əsərləri səsləndirilib. “Bakı”, “Nəlbəki”, “Şalı-şalı” rəqsləri və səhnəciklər nümayiş olunub.

Sonda tədbirin təşkilində iştirak edən fəal şagirdlərə tərifnamələr təqdim edilib.