Doğma ata-baba ocağında olmaqdan qürur hissi keçirirəm. Bu günlərdə Şuşa möhtəşəm tədbirlərə ev sahibliyi edir. Açığını deyim, ağlıma gəlməzdi ki, nə vaxtsa Şuşada konsert verə bilərəm.

Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, beynəlxalq müsabiqələr laureatı Mustafa Mehmandarov bu sözləri mayın 11-də “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan konsert proqramından sonra mediaya açıqlamasında bildirib.

Konsert Heydər Əliyev Fondu tərəfindən aparılan bərpa işlərindən sonra mayın 9-da açılışı olan Mehmandarovların malikanə kompleksində təşkil olunub. Ən diqqətçəkən məqam isə konsertə Mehmandarovlar nəslinin nümayəndəsi Mustafa Mehmandarovun dirijorluq etməsi olub.

“Belə bir tədbirin iştirakçısı olduğum üçün çox xoşbəxtəm. Çalışdığım Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin heyəti ilə reallaşan bu konsert şəxsən mənə də xüsusi zövq yaşatdı”, – deyə dirijor bildirib.

Tarixi tikilinin yüksək səviyyədə təmir-bərpasına görə Azərbaycan Prezidentinə təşəkkürümü bildirən Mustafa Mehmandarov bütün işlərin zövqlə, bütün incəliklə görüldüyünü deyib: “Ümid edirəm ki, bu məkan bundan sonra da adından göründüyü kimi, qonaqlar – mehmanlar üçün açıq olacaq, qonaqlı-qaralı olacaq, hər zaman bu məkanda möhtəşəm tədbirlər keçiriləcək. Eyni zamanda, bizim tarixin də gələcək nəsillərə ötürülməsində bu məkan böyük rol oynayacaq”.

Qeyd edək ki, Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramında Üzeyir Hacıbəylinin “Arazbarı”, Fikrət Əmirovun “Nizaminin xatirəsinə” simli simfoniyası, Niyazinin “Lirik rəqs”i, Tofiq Quliyevin “Laylay”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasından fraqmentlər və “Sarı gəlin” xalq mahnısı səsləndirilib.