Mayın 12-də Şuşa şəhərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçirilib.

Şuşa şəhəri TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurasının ötən ilin martında Bursada (Türkiyə) keçirilən toplantısında 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib.

Təntənəli mərasim Azərbaycan Respublikası Prezidentinin Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında sərəncamına uyğun olaraq gerçəkləşib.

Tədbirdə TÜRKSOY-un baş katibi Sultan Raev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, TÜRKSOY üzvü ölkələrin nümayəndə heyətlərinin rəhbərləri, o cümlədən Özbəkistanın mədəniyyət və turizm naziri Ozodbek Nazarbekov, həmçinin Türk Dövlətləri Təşkilatının baş katibi Kubanıçbek Ömüraliyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, digər rəsmilər, türk dövlətlərindən mədəniyyət xadimləri iştirak ediblər.

Mərasimdə çıxış edən mədəniyyət naziri Adil Kərimli qonaqları Azərbaycanın mədəniyyət paytaxtı Şuşada salamlamaqdan məmnunluğunu dilə gətirib. Bildirib ki, bu il Azərbaycan və Türk dünyası üçün mühüm tarixi hadisələrlə zəngindir: “Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider, Türk dünyasının böyük dövlət xadimi Heydər Əliyevin 100 illiyi münasibətilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhəri bu il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” seçilib. Türkiyə Cümhuriyyətinin 100 illiyi və TÜRKSOY-un 30 illik yubileyi də bu il qeyd olunur. Fürsətdən istifadə edərək, bütün TÜRKSOY ailəsini bu münasibətlə təbrik edirik”.

Nazir qeyd edib ki, Şuşa azərbaycanlılar üçün olduqca böyük mənəvi əhəmiyyəti olan bir şəhərdir. Bu şəhər xalqımızın taleyində, onun tarixində, mədəniyyətində, milli inkişaf yolunda böyük əhəmiyyətə malikdir. Şuşa şairlər, yazıçılar, rəssamlar, memarlar, bəstəkarlar şəhəridir.

Ulu öndər Heydər Əliyev deyirdi ki, Şuşa, Azərbaycanın gözüdür. Hər bir azərbaycanlı üçün iftixar nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Ümummilli lider xalqımızın mədəniyyət mərkəzi olan Şuşaya və xalqımızın mədəni irsinin qorunmasına xüsusi önəm verirdi. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir.

30 illik erməni işğalı dövründə Şuşa, eləcə də Azərbaycanın işğal edilmiş digər əraziləri dağıdılaraq talan edilib. İşğal dövründə mədəni irs nümunələrimiz, məscidlər, mədrəsələr, görkəmli şəxsiyyətlərin evləri, qəbirüstü abidələr erməni vandalizminə məruz qalıb.

2020-ci il 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri Azərbaycanın işğal altında olan torpaqlarını, həmçinin Şuşanı azad edərək Türk dünyasına möhtəşəm Zəfər yaşatdı.

Bu gün Şuşa və bütün Qarabağ öz intibah dövrünü yaşayır. Qələbədən qısa müddət keçməsinə baxmayaraq, şəhər və kəndlərimizin bərpası və yenidən qurulması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması da bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır. Bərpa olunmuş Şuşa məscidlərində səslənən azan səsi Şuşaya yenidən Azərbaycan mədəniyyəti və mənəviyyatının qayıdışının rəmzidir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən Şuşada müxtəlif yerli və beynəlxalq mədəni tədbirlər keçirilir, mədəni irsimizin bərpası istiqamətində geniş işlər həyata keçirilir:

Nazir diqqətə çatdırıb ki, əsası 1989-cu ildə qoyulan və işğal səbəbindən uzun illər keçirilə bilməyən "Xarıbülbül" musiqi festivalı azad Şuşada artıq 3-cü ildir təşkil edilir. Vaxtilə Sovet İttifaqı ölkələri kimi təmsil edilən qardaş türk respublikaları artıq bu festivalda müstəqil dövlətlər kimi iştirak edir. Üç gün (9-11 may – red.) davam edən festival ümumtürk mədəniyyətinin təntənəsi oldu.

Adil Kərimli qeyd edib ki, türk dövlətləri birliyinin möhkəmləndirilməsində mədəniyyətin başlıca rolu var. Bu faktı nəzərə alan Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin TÜRKSOY-un yaradılmasında əvəzsiz xidmətləri olub. Türk dünyası birliyinin təmin olunması, mədəni əlaqələrin genişləndirilməsi, türk dövlətlərinin inteqrasiyası, ortaq milli dəyərlər ətrafında birləşdirilməsi Ulu öndər Heydər Əliyevin ən ümdə məqsədlərindən biri olub.

Artıq 30 ildir fəaliyyət göstərən TÜRKSOY bu gün beynəlxalq aləmdə nüfuzlu təşkilata çevrilib. Səmərəli fəaliyyəti ilə TÜRKSOY xalqlarımızın öz tarixi-mədəni köklərinə bağlı qalmasına və qarşılıqlı inteqrasiya proseslərinə davamlı töhfələr verməkdədir.

Nazir onu da əlavə edib ki, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycan Prezidentinin sərəncamına uyğun olaraq, geniş tədbirlər planı hazırlanıb. Bununla əlaqədar oktyabr ayına planlaşdırılan TÜRKSOY Mədəniyyət Nazirləri Daimi Şurası çərçivəsində Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsi də nəzərdə tutulur: “Forum coğrafiyamızda mədəniyyət üçün çalışan bütün maraqlı tərəfləri bir araya gətirməyi və birgə mədəniyyətimizin inkişafına daha ciddi töhfə verməyi planlaşdırır. İnanıram ki, Azərbaycanın bu təşəbbüsü həm bizim həmkarlar, həm beynəlxalq təşkilatlar, həm də elmi dairələrimiz və yaradıcı sənayelərimiz tərəfindən dəstəklənəcək. Əminəm ki, Şuşada baş tutacaq Birinci Türk Dünyası Mədəniyyət Forumu da XXI əsrin türk əsrinə çevrilməsi üçün mədəni əlaqələrin inkişafında yeni üfüqlər yaradacaq, bizim ən güclü ortaq platformalarımızdan birinə çevriləcək”.

Nazir çıxışının sonunda tədbirin keçirilməsinə görə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda Xüsusi nümayəndəliyinə, TÜRKSOY Katibliyinə, əlaqədar qurumlara və əməyi keçən hər bir kəsə təşəkkürünü bildirib.

Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimiz tərəfindən Şuşada həyata keçirilən bərpa-quruculuq işləri haqqında danışıb. Bildirdi ki, Şuşada mədəni infrastrukturun yaradılması da diqqətdə saxlanılır.

TÜRKSOY-un baş katibi Sultan Raev Şuşanın tarixən Azərbaycana və bütövlükdə türk dünyasına görkəmli ədəbiyyat və mədəniyyət xadimləri bəxş etdiyini bildirib. O, Şuşanın mədəni zənginliklərinin təbliğinə həmişə diqqət yetirəcəklərini deyib.

Türk Dövlətləri Təşkilatının baş katibi Kumanıçbek Ömüralıyev türk dövlətləri arasında əlaqələrin əhəmiyyətindən bəhs edib, bu kontekstdə mədəniyyət amilinin zəruriliyini vurğulayıb, türk dövlət başçılarının son illər bu istiqamətdə vacib qərarlar qəbul etdikləri bildirib.

Azərbaycanın Rusiyadakı səfiri, TÜRKSOY-un ilk baş katibi olmuş Polad Bülbüloğlu təşkilatın yaranması və fəaliyyəti haqqında söz açıb.

Sonra TÜRKSOY-un mükafatları təqdim olunub.

Türk dövlətləri musiqiçilərinin iştirakı ilə konsert proqramı təqdim edilib.

Sonda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar TÜRKSOY-un baş katibi Sultan Raevə Bəxtiyar Vahabzadə mükafatını təqdim edib.

Qeyd edək ki, TÜRKSOY-un “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbulda keçirilən sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir. Ötən illərdə Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – RF), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan; pandemiya ilə bağlı bu şəhərdə tədbirlər 2021-ci ildə keçirilib) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olub. Şuşa Türk dünyasından bu missiyanı qəbul edən 11-ci şəhərdir.