UNEC-də “Oxu mədəniyyəti” layihəsində təlim-müzakirə...

 

Azərbaycan Dövlət İqtisad Universiteti – UNEC-in Kitabxana-İnformasiya Mərkəzi (KİM) tərəfindən “Heydər Əliyev İli”nə həsr edilmiş “Oxu mədəniyyəti” layihəsi çərçivəsində “Elektron resurslardan istifadə bacarıqları” və “Kitabxana etikası” mövzularında təlim keçirilib.

UNEC-dən bildirilib ki, tədbiri KİM-in direktoru Adilə Abdullayeva açaraq “Oxu mədəniyyəti” layihəsindən, gənclərə oxu mədəniyyəti və mütaliə vərdişlərinin aşılanmasının faydalarından bəhs edib. Oxu mədəniyyəti indeksi üzrə ilk sıralarda yer alan ölkələr, dünyanın ən zəngin və məşhur adamlarının oxu səriştəsi barədə maraqlı məlumatlar diqqətə çatdırılıb. Mərkəzin abunə olduğu “Emerald Publishing”, “İPR Smart” nəşriyyatları və “EBSCO” kimi beynəlxalq data bazalar haqqında da məlumat verilib.

Mərkəzin şöbə müdiri Sədaqət Əhmədli “UNEC Kitabxana-İnformasiya Mərkəzi üzrə fondların formalaşdırılması: yeni mərhələ, yeni baxış” mövzusunda təqdimat edib.

UNEC KİM-in 24/7 kitabxanasının müdiri Arzu Məmmədova isə “Kitabxana etikası” mövzusunda çıxış edib. Kitabxanaçı-oxucu-istifadəçi münasibətləri, eləcə də kitabxanaya müraciətlərin edilməsi, sorğuların cavablandırılması və digər mövzular barədə məlumat verilib.

Sonra tələbələrlə mövzu ilə bağlı müzakirələr aparılıb.