Özbəkistanın paytaxtlı Daşkənddəki “Türküstan” konsert sarayında müasir Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə bağlı böyük konsert proqramı təşkil edilib.

Əvvəlcə Özbəkistanın mədəniyyət və turizm naziri Ozadbek Nazarbekov və Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyəti, iki ölkə arasında dostluq münasibətlərinin inkişafı və möhkəmləndirilməsində tarixi xidmətləri barədə danışıblar.

Deputatlar, diplomatlar, elm, mədəniyyət və incəsənət xadimləri, Azərbaycan diasporunun üzvləri, ictimaiyyət nümayəndələrinin izlədiyi konsertdə məşhur maestro Alibek Kabdurahmanovun dirijorluğu ilə Özbəkistan Dövlət Simfonik Orkestrinin çıxış edib.

Proqram dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operasından uvertüra ilə başlayıb. Azərbaycan və Özbəkistan bəstəkarlarının əsərlərinə üstünlük verilən konsert proqramının solistləri Özbəkistanın Xalq artistləri – tanınmış vokalçılar Mansur Tuşmatov, Jenisbek Piyazov, Əməkdar artistlər və beynəlxalq mükafat laureatları İlyasa Arabov, Firuzə Açilova, Zöhrə Tursinbayeva, Umid İsrailov, Rustam Alimardanov, Damir Rahmanov və başqaları olub.

Böyük coşqu ilə qarşılanan konsertdə Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından Gülçöhrənin ariyası, “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı, Qara Qarayevin, Müslüm Maqomayevin, Tofiq Quliyevin, Andrey Babayevin, digər Azərbaycan və özbək bəstəkarlarının əsərləri ifa olunub.