Akademik Rus Dram Teatrında Elçinin yeni əsərinin premyerası

 

Reallıq və təxəyyül arasında sərhəd harada silinir? Səhnə işıqları sönəndən və pərdə enəndən sonra aktyorlar nə hiss edirlər? Bir aktyor üçün eyni rolu illər boyu oynamaq nə deməkdir?

Bu kimi suallara Xalq yazıçısı Elçinin Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında səhnəyə qoyulmuş “Otellonu dəyişmək” pyesində cavab axtarılır. İlk tamaşa mayın 13-də, müəllifin 80 illik yubileyi münasibətilə təqdim edilib. Anşlaqla keçən premyerada müəlliflə bərabər tanınmış ictimaiyyət, mədəniyyət, ədəbiyyat, elm xadimləri, sənətsevərlər iştirak edirdilər.

Tamaşadan öncə səhnəyə çıxan Akademik Rus Dram Teatrının baş rejissoru Xalq artisti Aleksandr Şarovski yubilyarı təbrik etdi. Baş rejissor teatrın uzun illərdir Elçinlə səmərəli yaradıcılıq əməkdaşlığı etdiyini bildirdi və onun bu səhnədə tamaşaya qoyulan əsərlərini (“Salam, mən sizin dayınızam”, “Mənim ərim dəlidir”, “Teleskop”, “Şekspir”, “Sənətkarın taleyi” və s.) diqqətə çatdırdı.

Xalq yazıçısı, publisist Elmira Axundova çıxış edərək Elçinin yaradıcılıq yoluna qısa nəzər saldı, onun nəsr əsərləri ilə, eləcə də son otuz ildə dramaturq kimi məhsuldar yaradıcılığı ilə Azərbaycan ədəbiyyatına, teatr sənətinə töhfələrindən bəhs etdi, yubilyara ən xoş arzularını çatdırdı.

“Otellonu dəyişmək” – teatr içində teatr, tamaşa içində tamaşa, aktyor obrazlarında aktyorlardır... Məşhur artist Qəmərli (Xalq artisti Məbud Məhərrəmov) 16 ildir fasiləsiz olaraq Şekspirin “Otello”sunda baş rolda səhnəyə çıxıb və indi 500-cü tamaşaya hazırlaşır. Onun üçün gerçəklik və oyun, səhnə və real həyat arasında sərhədlər çoxdan yox olub.

Onun üçün teatrdan, səhnədən başqa heç nə, şəxsi həyat da yoxdur və özünü bütünlüklə bu aləmə verib. Onun üçün məhəbbət də yalnız səhnədəki Dezdemonadır. İndiyədək səhnədə tərəf-müqabil olduğu beş Dezdemona dəyişib, o isə Otello kimi dəyişməz olaraq qalır. Qəmərli hətta tərəf-müqabillərinin adlarını belə xatırlamır, onların hamısı onun üçün sadəcə, Şekspirin qəhrəmanlarıdır. Artıq otuzuncu dəfə onunla birgə səhnəyə çıxacaq “beşinci Dezdemona” (Əməkdar artist Natəvan Haçıyeva) isə hələ bu teatra gəlməzdən əvvəl, tələbəlik vaxtından Qəmərliyə aşiqdir, amma o bunu görmür...

Xalq artisti Lyudmila Duxovnaya,  Əməkdar artistlər Salman Bayramov, İnna İmranova, aktyorlar Yaroslav Trifonov, Gövhər Şabanova və başqalarının da rol aldığı tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Umay Həsənova, dekor üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Səmra Axundova, xoreoqrafı Raulya Türkkandır.