Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə mayın 15-də Moskvada, Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasında sərgi açılıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunmuş sərginin açılış mərasiminə Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyəti də qatılıb.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, ölkəmizin Rusiyadakı səfiri Polad Bülbüloğlu, Milli Məclisin deputatları, TASS agentliyinin rəhbərliyi, Federasiya Şurasının üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimi açan RF Federasiya Şurasının sədri Valentina Matviyenko müasir Azərbaycanın qurucusu Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti haqqında fikirlərini bölüşüb.

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın müasir tarixinin bir qərinədən çoxunun milli dövlətçiliyin banisi, görkəmli siyasi xadim Heydər Əliyevlə bağlı olduğunu bildirib. Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra Rusiya ilə bərabərhüquqlu əməkdaşlıq, bir-birinin maraqlarına hörmət və daxili işlərinə qarışmamaq kimi möhkəm təməllərə əsaslanan hərtərəfli münasibətlərin inkişafında və möhkəmlənməsində Heydər Əliyevin əvəzsiz rolu xüsusi qeyd edilib. Diqqətə çatdırılıb ki, dövlətlərimiz arasında tarixi dostluq və mehriban qonşuluq ənənələri, dərin əlaqələr, siyasi dialoq, humanitar əməkdaşlıq indi dövlət başçıları İlham Əliyevin və Vladimir Putinin yorulmaz səyləri nəticəsində dinamik inkişaf etməkdədir.

Tədbirin bədii hissəsində uşaqlar Azərbaycan və rus dillərində Heydər Əliyevin sevdiyi şeirlərdən parçaları səsləndiriblər.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova və Federasiya Şurasının sədri Valentina Matviyenko arasında görüş olub.

***

Milli Məclisin sədri Sahibə Qafarova mayın 15-də Rusiyanın TASS agentliyinin Heydər Əliyevin 100 illiyi münasibətilə təşkil etdiyi fotosərgi ilə də tanış olub. Sərgi agentliyin binası qarşısındakı meydanda təşkil edilib.

Sərgidə Heydər Əliyevin həyat və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən fotolar nümayiş olunur. Burada Heydər Əliyevin keçmiş SSRİ rəhbərliyində təmsil olunduğu illərdə ölkənin inkişafı üçün gördüyü işlərə və həyata keçirdiyi nəhəng layihələrə dair fotolar, həmçinin Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan-Rusiya münasibətlərini əks etdirən fotolar yer alıb.

Sərgi ilə tanışlıqdan sonra Azərbaycan nümayəndə heyəti ilə TASS agentliyinin rəhbər şəxsləri arasında görüş keçirilib. Agentliyin baş direktoru Sergey Mixaylov və agentliyin əməkdaşları Heydər Əliyevin dahi şəxsiyyət kimi misilsiz fəaliyyətindən bəhs edib, onun Rusiya-Azərbaycan münasibətlərinin inkişafında oynadığı roldan, SSRİ rəhbərliyində təmsil olunduğu illərdə gördüyü böyük işlərdən danışıblar.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, səfir Polad Bülbüloğlu, Milli Məclisin deputatları Nizami Səfərov, Mixail Zabelin və Elnur Allahverdiyev iştirak ediblər.