Əfsanəvi futbolçu illər öncə nekropolda özünə yer götürübmüş...

 

Dünya futbolunun əfsanəsi – braziliyalı Pelenin nəşinin yerləşdirildiyi “Ekumenika” nekropolunda (qəbiristanlıq kompleksi) mavzoleyi açılıb.

Mavzoleyi ziyarət etmək pulsuzdur, lakin bunun üçün nekropolun saytında əvvəlcədən qeydiyyatdan keçmək lazımdır.

Futbolçunun tabutu “Ginnesin rekordlar kitabı”na “ən hündür vertikal qəbiristanlıq” kimi düşmüş nekropolda onun özü tərəfindən seçilmiş ərazidə tikilən xüsusi mavzoleyə qoyulub. Güzgülü zalın girişi Braziliyanın və dahi futbolçunun ilk dəfə oyuna çıxdığı “Santos” klubunun bayraqları, həmçinin Pelenin heykəlləri ilə bəzədilib.

Pele müsahibələrin birində hələ illər öncə nekropolun onun üçün doğma olan “Vila Belmiro” stadionuna gözəl mənzərənin açıldığı doqquzuncu mərtəbəsində yer götürdüyünü demişdi. Sonradan Pelenin ailəsi logistika nöqteyi-nəzərindən onun nəşini birinci mərtəbədəki mavzoleyə yerləşdirmək qərarına gəlib.

2022-ci il dekabrın 29-da 82 yaşında vəfat edən Pele (əsl adı Edson Arantes do Nascimento) üçqat dünya çempionu (1958, 1962, 1970) olmuş yeganə futbolçudur. O, idman mediasının versiyaları üzrə dəfələrlə XX əsrin ən yaxşı futbolçusu elan olunub, yüzilliyin müxtəlif rəmzi komandalarının tərkibinə daxil edilib.