İlk mükafatı qazanan Maykl Duqlas olub...

 

Mayın 16-da 76-cı Kann Film Festivalı işə başlayıb. Dünyanın ən nüfuzlu kino müsabiqəsinin prezidenti vəzifəsini ilk dəfə qadın – almaniyalı prodüser İris Knoblox (Knobloch) həyata keçirir. O, 2022-ci ilin iyulunda vəzifəsinin icrasına başlayıb və 3 il müddətində bu postu tutacaq.

Münsiflər heyətinə isə İsveç rejissoru, “Qızıl palma budağı”nın (Kann festivalının baş mükafatı) ikiqat qalibi Ruben Estvud başçılıq edir.

Builki festivalın proqramında yaşlı nəslə aid rejissorların, o cümlədən daha öncə Kannda mükafatlar qazanmış dünya kinosu klassiklərindən alman Vim Venders, ispan rejissor Pedro Almodovar və başqalarının filmləri çoxluq təşkil edir. Məşhur Amerika rejissoru Martin Skorsezenin “Çiçək ayın qatilləri” filmi isə festivalın müsabiqədənkənar proqramında yer alıb.

Festivalın açılış mərasimində dünya kinosunun digər qocaman ulduzu – amerikalı aktyor Maykl Duqlasa fəxri ”Qızıl palma budağı” (kinematoqrafın inkişafına görkəmli töhfələrinə görə) təqdim edilib. 79 yaşlı aktyor mükafatı qəbul edərkən “Bu festivalın 76 yaşı var, amma mən daha qocayam”, – deyə zarafat edib.

Təqdimatda festivalın builki poster siması – ünlü fransız aktrisa Katerin Denev də iştirak edib. 80 yaşlı aktrisa sonuncu dəfə 2020-ci ildə kinokamera qarşısına çıxmış və “Məndən sonra” filminin çəkilişi zamanı insult keçirmişdi. Onu da qeyd edək ki, festivalın açılış mərasiminin aparıcısı aktrisanın qızı Çiara Mastroianni olub.

76-cı Kann Film Festivalı mayın 27-dək davam edəcək. 1946-cı ildə əsası qoyulan kinofestival indiyədək bir dəfə, 2020-ci ildə COVİD-19 pandemiyası səbəbindən keçirilməyib.

V.Kamal